"İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stress vəziyyətinə salır" "İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stress vəziyyətinə salır"
  • Paytaxt
  • 19 Fevral 2019 22:05
  •  4 369

“Başını hovuzdan çıxarmağa həvəsi olsa, görəcək ki…” Prezidentin köməkçisi Əli Kərimlini fakt qarşısında qoydu

"İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stress vəziyyətinə salır"

“Əli Kərimli sual edir ki, “hakimiyyətdə olduğu dövrdə İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün nə edib?” Bu suala mən cavab verəcəyəm və həm də Əli Kərimli və ətrafı kimi subyektiv mülahizələrlə ictimai rəyi manipulyasiya etmək üçün deyil, real faktlarla danışacağam”. Bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində yerləşdirdiyi “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsində yazıb.

Məqalədə deyilir:

“Müasir dünyada zaman və şərtlər sürətlə dəyişir, Azərbaycan hakimiyyəti məhz dövrün çağırışları, müasirliyin parametrləri, tərəqqinin cazibəsi ilə hərəkət edir. Bugünkü Azərbaycan sosial-iqtisadi baxımdan tam yenilənib. Ötən 15 ildə Azərbaycanın həm paytaxtı, həm də bölgələrimiz müasirləşib, məmləkətimizin dörd bir yanında istehsal və xidmət obyektləri yaradılıb, milyonlarla insan işlə təmin edilib”.

Əli Həsənov yada salıb ki, 2005-ci ilin parlament seçkilərində teledebatlarda çıxış edən o vaxtkı müxalif namizədlərdən biri Azərbaycanın həqiqətən də kiçik olan dövlət büdcəsini Baltikyanı ölkələrdən birinin büdcəsi ilə müqayisə edib, hakimiyyətə gələcəyi təqdirdə, büdcəni 5 milyard manata qədər artıracağını vəd veribmiş:

“İlham Əliyev, əlbəttə belə bir vəd vermədi, amma növbəti seçkilərədək opponentlərinin xəyal etdiyi büdcə göstəricisindən bir neçə dəfə çox büdcə ortaya qoydu. Çünki o, populist vədlər siyasətçisi deyil, real əməl və amal sahibidir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, ancaq gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir. Prezidentin özünün də TASS informasiya agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, o, həmişə populizmdən, populist ritorikadan uzaq olub. Azərbaycan iqtidarı çalışıb ki, özünü xüsusi olaraq nümayiş etdirmədən ölkənin uğurlu inkişafı üçün lazım olan addımları atsın”.

Müəllifin sözlərinə görə, prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq olub:

“Baxın, keçən 15 ildə Azərbaycan regionları, sözün əsl mənasında, inkişaf edib, bölgələrdə müasir infrastruktur yaradılıb. Şəhərlərimizdə müasir mədəniyyət və gənclər mərkəzləri, məktəblər, muzey və parklar, 45 Olimpiya İdman Kompleksi, həm yerli, həm də xarici turistlərin axışdığı istirahət guşələri istifadəyə verilib. Bütün ölkə boyu daimi işıq, qaz, su problemi həll edilib, kommunal xidmət sahəsində narahatlıq doğuran bütün məsələlər əsasən aradan qaldırılıb”.

Əli Həsənov məqaləsində bir sıra statistik rəqəmlərə istinad edib:

“Son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 24 dəfə çoxalıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və onun yarısı xarici investisiyadır. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb, əhalinin sayı 1,6 milyon artıb. Bu dövr ərzində maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilib, təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.

Dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, yolların ən müasir standartlara uyğun yenidən qurulması, 6 hava limanının tikintisi, Oğuzdan Bakıya içməli su çəkilişi və ölkə üzrə su probleminin sistemli şəkildə həlli, 31 yeni elektrik stansiyasının tikintisi və 2500 meqavatlıq yeni güc yaradılması, aqroparklar, meliorasiya tədbirləri, kənd təsərrüfatının canlanması və sürətli inkişafı, sənaye zonalarının işə başlaması, Azərbaycanın 3 peykinin orbitə çıxarılması və onun kosmik dövlətə çevrilməsi, transmilli enerji və nəqliyyat layihələrinin reallaşması – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin işə düşməsi, 4 seqmentdən ibarət “Cənub Qaz Dəhlizi” layihəsinin faktiki reallaşması, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə mühüm işlərin görülməsi, Azərbaycanın beynəlxalq nəqliyyat-tranzit habına çevrilməsi və bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi... Bu siyahını kifayət qədər uzatmaq da olar. Əminəm ki, Əli Kərimli də bütün bu reallıqları görür, lakin İlham Əliyev hakimiyyətinin uğurlarını etiraf etmək üçün özündə cəsarət və güc tapa bilmir”.

Prezidentin köməkçisi məqaləsində ölkədə infrostrukturun yenilənməsi barədə də danışıb:

“Əli Kərimlinin hakimiyyətdə olduğu illərdən fərqli olaraq, bu gün şagirdlər çantaları ilə yanaşı, özləri ilə məktəbə odun daşımırlar. Çünki son 15 ildə Azərbaycanda 3200 yeni məktəb tikilib və ya əsaslı şəkildə təmir olunub. Vətəndaşlarımız həmin illərdəki kimi soyuq, işıqsız, təchizatsız tibb müəssisələrindən evlərinə daha ağır xəstəliklər taparaq qayıtmırlar. Ona görə ki, 640 tibb müəssisəsi tikilib və ya yenidən qurulub, vətəndaşlarımız pulsuz müayinə imkanlarından bəhrələnirlər. Bu gün Əli Kərimli hansı bölgəyə üz tutsa, avtomobili hamar şoselərdə şütüyəcək, hakimiyyətdə olduğu zamanlarda elementar təmizliyə malik dövlət qonaq evi belə tapmırdısa, indi 4-5 ulduzlu otellər arasında seçim etməli olacaq. Əgər həmin otellərin hovuzundan başını çıxarmağa həvəsi olsa, görəcək ki, kəndlilərimiz tarla əkir, zəmi biçir, mal-qara saxlayır, toxum, yem, texnika problemi ilə üzləşəndə dövlətin dəstəyini alır, məhsuluna alıcı tapmaqda çətinlik çəkmir. Azərbaycan ailələrinin əksəriyyəti son 15 ildə iki açar sahibi olublar - şəxsi ev və avtomobil açarları. Əlbəttə, əhalinin sayı artdıqca, tələbatlar da çoxalır və Azərbaycan hakimiyyəti öz siyasəti ilə artan tələbatlar qarşısında əhalinin rifahının gücləndirilməsini özünün başlıca vəzifəsi hesab edir”.

Prezidentin köməkçisi daha sonra bildirib ki, bunun üçün hakimiyyət hər zaman mövcud problemləri də öyrənməyə, çıxış yollarını müəyyənləşdirməyə üstünlük verir, ancaq heç zaman xalqa populist vədlər vermir:

“Məsələn, Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhid ailəsinin hər birinə 11 min manat ödəniş vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa, bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlər məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq. Bir də ki, digər ölkələrin bu və ya digər addımlarından nümunə gətirənlər həmin addımların “seçki rüşvəti” sayıldığını niyə unudurlar? Axı, biz, deyəsən, demokratiyadan danışırıq”.

“Bax, bütün bunlara görədir ki, Azərbaycan xalqı 1990-cı ilin əvvəllərində ölkə ərazisini “qızılla örtməyi” vəd edərək onu aldadanları da yaxşı xatırlayır, verdiyi hər vədi bircə-bircə yerinə yetirərək Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq möhtəşəm islahatları inamla davam etdirən lideri - İlham Əliyevi də görür və dəstəkləyir”- deyə Əli Həsənov yazıb.

Sitat: “Görünür, elə gənci, kəndlini, ziyalını, fəhləni, şəhər sakinini, ümumilikdə, cəmiyyətimizi məmnun edən, həmin yeniləşən və inkişaf edən Azərbaycandır ki, Əli Kərimlini narahat edir. İlham Əliyevin hər bir uğuru, onun rəhbərliyi altında Azərbaycanın gündən-günə güclənməsi, çiçəklənməsidir ki, Əli Kərimlini stress vəziyyətinə salır, onun isterik bəyanatlarına, açıqlamalarına səbəb olur. Çünki bütün bunlar nəinki onun çox arzuladığı və gecə yuxuda gördüyü hakimiyyət kürsüsünə yolunu bağlayır, ümumiyyətlə, bir siyasətçi kimi mövcudluğunu sual altına qoyur”.

AzNews.az