Prezident Tələbələrin Yay Universiadasında iştirak edən idmançılara mükafat ayırdı - məbləğlər

Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncama imza atıb.

Sərəncamda deyilir:​

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

1.1. birinci yeri tutan hər bir idmançı - 50 min manat, onun şəxsi məşqçisi - 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançı - 30 min manat, onun şəxsi məşqçisi - 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançı - 20 min manat, onun şəxsi məşqçisi - 10 min manat;

1.4. komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

AzNews.az