"Ölkəmizdə çox gözəl ictimai ab-hava vardır" "Ölkəmizdə çox gözəl ictimai ab-hava vardır"
  • Paytaxt
  • 14 Noyabr 2019 17:54
  •  1 716

İlham Əliyev: "Biz İslam dininə sadiqik"

"Ölkəmizdə çox gözəl ictimai ab-hava vardır"

"Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir".

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında bildirib.

O qeyd edib ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir.

"Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır".

Prezident beynəlxalq təşkilatların, dünya dini liderlərinin Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirdiyini vurğulayıb:

"Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini demişlər. Bu sözlər, bu yüksək qiymət bizim üçün çox dəyərlidir və bu, reallığı əks etdirir".

AzNews.az