Leyla Abdullayeva: "Ləyaqətli ölkə digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz" Leyla Abdullayeva: "Ləyaqətli ölkə digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz"
  • Paytaxt
  • 14 Aprel 2021 19:11
  •  3 773

'Görünür, Fransanın Ermənistandakı səfirinin ləyaqət anlayışı fərqlidir' - XİN-dən kəskin cavab

Leyla Abdullayeva: "Ləyaqətli ölkə digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz"

“Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirmədən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində nə şəkildə həyata keçirildiyinə diqqət yetirməsi yaxşı olardı. Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!”

AzNews,az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərhinə münasibəti ilə bağlı suala cavabında deyib.

“Fransa səfirlərinin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması da maraq doğurur. Bəlkə, Fransa səfirinə görə Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də “ləyaqətli işğal” olub? Ləyaqətli davranan ölkə, birinci növbədə qonşu ölkənin ərazilərinə iddia ilə çıxış edib, bu ərazilərin bir hissəsini uzun illər işğal altında saxlamaz, bir milyon insanın hüququnu kobudcasına pozmaz, mülki şəxslər də daxil olmaqla, insanları məqsədli şəkildə qətlə yetirməz. Ləyaqətli ölkə, hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir.

Uzun illərdir ki, vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir”, - deyə Leyla Abdullayeva qeyd edib.

Qeyd edək ki, səfir şərhində “müharibə tamaşa predmeti olmamalıdır” deyib.

AzNews,az