Azərbaycanın iqtisadi siyasətinin üç strateji hədəfi açıqlanıb

​Azərbaycanın iqtisadi siyasətinin üç strateji hədəfi var.

Aznews.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

"Bu hədəfləri biz uzlaşdırmağa çalışırıq. Biz həm sabit makroiqtisadi mühiti, həm sürətli iqtisadi artımı, həm də dayanıqlı strateji ehtiyatlarımızı təmin etməyə çalışırıq. Əlbəttə ki, bu üç hədəf müəyyən qədər bir-birinə ziddir və bunların üçünü də eyni şəkildə maksimum dərəcədə əldə edə bilmərik. Ona görə də biz burada düzgün balans tapılması üzərində öz siyasətimizi qururuq.

Növbəti ilin büdcəsində biz kifayət qədər böyük investisiya yönümlü portfel nəzərdə tutmuşuq. İnvestisiya yönümlü xərclərimizin dövlət büdcəsində xüsusi çəkisi 34 %-dir. Bu həm dünya, həm də postsovet ölkələrinin ortalamasından yüksəkdir. Və bu, bizə bir daha o imkanı, o əminliyi verir ki, Azərbaycanın dövlət büdcəsi investisiya yönümlü büdcədir.

​Digər bir tərəfdən biz rəqəm olaraq baxdıqda görürük ki, 2026-cı ildə bizim icmal büdcə xərclərimiz 2,6 % artımla proqnozlaşdırılır. Bunun özü də iqtisadiyyata töhfə verir, investisiya ilə yanaşı istehlaka yönəlmiş əhalinin gəlirlərini də artırmağı hədəfləyir", - deyə o qeyd edib.

Aznews.az