Nazirlik məhkəməyə üz tutdu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 15-31 oktyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Araşdırma zamanı qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 21 iş üzrə 22700 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəyən ziyana görə 20 iş üzrə 2662.79 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 173 iş üzrə 22215.4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 10, məhkəmələrə isə 3 iş göndərilib.

Elnarə Əlosmanqızı
AzNews.az