- Köhnə - Cəmiyyət
- 9 Mart 2016 17:43
- 6 329
Səmimi olmayanlar uduzacaqlar!
Ceyhun Musaoğlu
Güclü adam başqasını incitməz. İncidən adam hücumçudur, təhlükə görüb, ilk addımı özü atır. Güclü adam üçün təhlükə ümumiyyətlə yoxdur. Təhlükəni nəzərə almaq ehtiyatlı olmaqdır. Ehtiyat igidin yaraşığıdır, razıyam. Unutmayaq: igidlik güclü olmaq deyil. Qorxaqlıq da adamı igid edə bilər.
***
"Əlləri ilə bacısı qızını boğaraq öldürüb". İsti-isti yayılan kriminal xəbərin son cümləsidi. Bizim qulaqlarımızda kriminal xəbərin dramatik eşidilməsi sevgisi hardan yaranıb?
"Öz əlləri ilə...". Dostlar, bu ifadə o qədər gözəl, o qədər pakdı ki, onu qatilin simasını canlandırmaq üçün yazmaq, onu dəhşətin çəkisini çoxaltmaq üçün xərcləmək, öz əlləri ilə sevgilisinə gül verən, öz əlləri ilə balasının saçlarını tumarlayan, yeriməkdə çətinlik çəkən anasını öz əlləri ilə həkimə aparan, öz əlləri ilə tikən, yaradan insanların xətrinə dəyməkdir.
***
O uşaqları intihara bizim xəbərlər aparır.
***
Həyatını ömrünə hesablama
***
Anlamıram: biz də, valideynlərimiz də, övladlarımız da o qədər pulsuz qalmışıq ki.... 4 yaşım vardı, yadımdadır: atamın siqaret almağa 20 qəpiyi yox idi. Filtrsiz siqaret - "Prima" 20 qəpik idi. Bina evində yaşayırdıq. Nə vaxtsa əlimdən 20 qəpiyi yerə salmışdım, diyirlənib, döşəmə taxtalarının arasından boşluğa düşmüşdü. Atam döşəmənin iki taxtasını qaldırıb, üstünü toz basmış 20 qəpiyi taparaq, siqaretini alıb ciyərlərinə çəkdi. Onu da unutmamışam: valideynlərim məktəbə gedəndə əksər hallarda mənə "kojik", "pirojna", "limonad", "bulki" pulu verməzdilər. 10 il müddətində məktəbdəki yeməyimə indiki pulla cəmi heç 100 manat xərcləməmişəm.
O qədər istəmişəm, almayıblar ki... Valideynlərim mən yaşayan aqibəti az yaşamayıblar. Övladıma da "pulum yoxdur" cavabını alnı açıq, üzüağ formada şəstlə demişəm, deyirəm.
Bu nə dəhşətli mənzərədir: çanta ala bilmədilər, uşaq özünü öldürdü; həkimə apara bilmədilər, övlad özünü dənizə atdı, ət ala bilmədi, ata özünü asdı, dərman ala bilmədi, ana damarlarını kəsdi... Bu tükürpədən ənənə haradan gəlib, hansı genin daşıyıcısıdır? Yamağa oxşayır. Yox, elə yamağın özüdür-intihar hadisələrinin, kriminal xəbərlərin, qan saçan olayların tirajlanması ilə düşüncəmizə pərçimlənib. Dayandıraq! Qan qoxuyan və əxlaqsızlıq saçan xəbərlərin çılpaq şəkildə tirajlanmasını dayandıraq! Xəbərdir, lap veririksə belə, qabartmayaq, manşet başına çıxarmayaq! Vəhşiliyi təbliğ edən dünya "ağaları"nın köləsinə çevrilməyək!
***
Mənim dostlarım baha olaraq qalıblar, devalvasiya onlara təsir etməyib.
***
Dərd adama deyir ki, yaşlan səni unudum. Bu dərdin adı - Miqrendir - dahilərin xəstəliyi
***
Gerçəklik incəlikdə gizlənib. Məsələn, "Facebook"da mötərizə işarələrini əksər hallarda yanlış qəbul edirik. Başıma çox gəlib: yazıblar ki, niyə gülürsüz?.. Yox gülmürəm, gülümsünürəm, ağlamıram, kədərlənirəm. Bütün sözlərin bir-birindən mahiyyət fərqi var - sinonimlərin belə. Əks təqdirdə, bir "gözəl" sözü olardı, daha "qəşəng"ə, ehtiyac qalmazdı. Sözlər mənaca eyni ola bilər, mahiyyətcə fərqlidirlər, bir-birindən incəliklə ayrıdırlar. Bağlı mötərizə işarələri ilə demək istəyirsən ki, sənin fikrin mənə xoş gəlir, ona görə gülümsəyirəm. Ola bilsin bu hisslər azərbaycanlılara bir qədər yaddır - görüşəndə gülümsəmək, ayrılanda gülümsəmək... Ancaq çox xoş hisslərdir, elə kədərlənmək də. Bəli, gerçəklik bu qədər incəliklə gizlədilir. Onu aşkara çıxarmaq, bu qədər asan, bu qədər çətindir.
***
- Doğulmaqdan böyük hadisə yoxdur - belə dedim.
- Bir də ölməkdən - o da belə dedi.
- Doğulmusansa yerdə qalan təfərrüatdı - ikinici həmləmi etdim.
- Elə öləndən sonra da ölən üçün həyat təfərrüatdı - razılşamaq istəmədiyini göstərdi.
- Ölmək mütləqdir - hamıya nəsib olacaq, ancaq doğulmaq hər adama nəsib olmur - deyəsən tonumu qaldırdım.
- ))(( - həm gülümsədi, həm kədərləndi.
***
Oxucumun oxucusuyam - nə gözəl.
***
Yaxşını təbliğ edin, onda özünüz də təbliğ olunursuz.
***
Neftsiz dünya yaranır. Axı bunun nəyi pisdir...
***
Bir qəhrəmanlıq filmimiz vardı, onu da televiziyalar matəm filmi etdilər. İndi başımıza DOLU necə yağmasın?!
***
Deyilən hər fikri kontekstdən çıxarmağa can atmaq psixoloji problemdir, müalicə olunacağına inam yoxdur.
***
İnanın, teatrın, kinonun, yəni yaradıcı sənətin təbliği və təşviqinə indi daha çox ehtiyac var. İnsanları tamaşalara getməyə sövq etmək lazımdır, Həyat təkcə bir qarın yeməkdən, manatın küncə sıxışdırılması üzündən o yeməyi tapmayanda küçələrə çıxıb vermişel "qazanaraq" xısın-xısın tıxışdırmaqdan ibarət deyil. Teatrda olarkən baxdığımız tamaşa bizə həyatın daha böyük məhfum olduğunu anladacaq. İndi taetr yaratmaq zamanıdır, dağıtmaq yox. Maddiyyat çətinləşəndə bu çətinliyi mənəviyyatın gücü ilə dəf edərlər.
***
Bilirsiz necə qocalar evi ola? Səni atmayalar, yaşlananda özün ora gedəsən: dincəlmək üçün, son illərini qayğısız yaşamaq üçün.
***
Qarşıma videosüjet çıxıdı: iki yaşlı uşaq dünyasını dəyişən anasının lentə yazılmış səsini eşidib, ağlayır. Baxmamışam.Təqdimat xarakterli statusdan oxudum. Uşağın bu halını çəkmək, onu bu hala salan vəziyyəti başqalarına da həvəslə göstərmək hansı düşüncəncənin diqtəsidir? Belə düşüncəyə elmi dildə sadizm, el dilində vəhşilikdən zövq almaq deyirlər.
Miskinliyin də, vəhşiliyin də ifratını tapıb yayanlarala bacarmırıq. Heç olmasa, baxmayaq. Baxanlar biziksə, özümüzlə bacarmaq yaranışa olan borcumuzdur.
***
Onlar ölür, biz şəhid oluruq.
***
Vağzal adamlarının ortaq məxrəci kədərdir. Platformada dayananlar arasında gülümsəyənlərə, hətta qəhəqəhə çəkənlərə rast gəlmək mümkündür. Həmin adamlara yaxınlaşıb, təkcə saatı soruşmaq kifayətdir, qəhqəhələrinin altında gizlətdikləri kədəri görməyə. Səsləri əsir. Sözləri uzada-uzada səsləndirirlər. Bax belə: "saaaaatt… 10:35, on bir, hə də on birə qalıb". Eləsi olur, qatarın neçə dəqiqədən sonra gələcəyini, eləsi də olur, qatarın neçə dəqiqədən sonra vağzaldan çıxacağını hesablayıb deyir. Yaxışılıq eləməyə meyillidir vağzalın qonaqları. Yolçu qürbətə uzanan yolun başlanğıcında peyğəmbər kimi məsum, ortasında döyüşçü kimi sərt, sonunda fərari kimi qorxaq olur.
Yaxşı cavablardan biri: "Sənə qurbandır".
***
Uşaq olmaq pisdir: adam səhv qərarlar verir. Uşaqlıq qərarının qocalığını sürüyən milyonlarla adamlar var((.
***
Badalq atanlar ayaqlarını ağrıdırlar.
***
Hər şey birinci qadının olmalıdır. Onlar əvvəldi.
***
Azərbaycanlı dünyanın hər yerində azərbaycanlıdır. Onun Vətəni var. Məsələn, Holland üçün isveç də Vətəndir. İsveçli Norveçdə də Vətənindədir. Onlar üçün Vətən anlaşıyışı sadə deyil, adidir. Bizim üçün Vətən izaha sığmır. Sərhədlər vacibdir. Vətən sərhəd daxilindədir. Avropa ölkələrinin sərhəddi yoxdur. Bir vaxtlar - SSRİ zamanındakı azərbaycanlı bir az Vətənsiz idi. Müstəqillik sərhədlərlə əhatələnən müqəddsələrdəndir.
***
Hörmət saxlamaq istedadlı inasnın borcudur. Kiməsə hörmətsizlik edən insan istedadlı ola bilməz.
***
Kim demişdi, "mənə dayaq nöqtəsi verin, yeri məvhərindən çıxarım"? Belə ziyanlı düşüncəyə sahib olan adamların adını unuduram. Mənsə belə deyərdim: mənə səlahiyyət verin, yeri məhvərinə qaytarım. Yəqin adımı unutmazsız)).
***
Susmaq çox gözəldir. "Susursansa yalan danışırsan" - səslərdə gizlənmək istəyən adamların təhdidi. Susmaq kütlədən fərqlənməkdir. Kütlə hay deməkdir, küy deməkdir. Susmaq səsizlikdirsə, həm də fərqlilikdir. Həyatda var olduğunu ancaq fərqliliyinlə göstərə bilərsən. Susmaq hamıya görünməkdir. Susmaq dəqiqliyi ilə eşidilməkdir.
***
Ensklopedik bilik daha dəbdə deyil. Beyninizi yormayın, oranı əlavə informasiyalarla doldurmayın. Bütün sualların cavabı bir düymə altındadır, tıklayıb öyrənin. Və təklif: intellektual yarışlarda istedadlı cavablara üstünlük verin, ensklopedik cavablara yox. Robortdan ensklopedik biliyə malik ikinci varlıq yoxdur. Səhv etmirəmsə, bizə insan lazımdır.
***
Mən yoxam, siz varsız. Belə yaşasaq, xoşbəxt olmayan qalmaz.
***
Heç vaxt təəssüflənmə. Artıq hissdir. Onsuz da həyat onu redaktəsiylə siləcək!