- Köhnə - Cəmiyyət
- 9 Mart 2016 18:02
- 5 798
“Generalın həbs olunmasında başqa insanlar günahkardır”
Xəbər verdiyimiz kimi, həbsdə olan general Zakir Nəsirovun həyat yoldaşı onun əfv edilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Müraciətində o, Z.Nəsirovun günahsız olduğunu bildirib və işə yenidən baxılmasını xahiş edib.
Ədliyyə naziri yanında Penitesiar Xidmət üzrə İctimai Nəzarət Komitəsinin rəhbəri Çingiz Qənizadə də Zakir Nəsirovla bağlı müəyyən məsələlərə aydınlıq gətirib. O bildirib ki, qurumun digər üzvləri ilə birlikdə cəzaçəkmə müəssisələrinə, o cümlədən Qobustan qapalı həbsxanasına həmişə monitorinq keçirməyə gedərkən müxtəlif şəxslərlə, həmçinin Zakir Nəsirovla görüşürlər:
"Mən Zakir Nəsirovu Bakı şəhər prokuroru işlədiyim dövrdən tanıyıram. Zakir Nəsirov o zaman da Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəisi işləyirdi. O elə həmin dövrlərdən mənim nəzərimdə professional polis işçisi kimi qalmışdı. Həbsindən sonra onunla Qobustan qapalı həbsxanasında dəfələrlə görüşmüşəm. Zakir Nəsirov bu görüşlər zamanı artıq heç bir söz ifadə etmir, həmişə olduğu kimi bildirir ki, cənab prezidentə və onun kursuna sadiqdir. Deyir ki, onun həbs olunmasında başqa insanlar günahkardır. İnanır ki, zaman gələcək nə vaxtsa bu həqiqətlər üzə çıxacaq və onun haqqı bərpa olunacaq.
Proseslərin içində olan adam kimi mən də qeyd edə bilərəm ki, Zakir Nəsirov həqiqətən də müəyyən intriqaların qurbanı olub. Hacı Məmmədovun verdiyi ifadələr əsasında ömürlük həbs cəzasına məhkum edilib. Qeyd edim ki, verilən ifadələrə görə belə Zakir Nəsirova ömürlük həbs cəzası verilə bilməzdi. Ona işində yol verdiyi nöqsanlarla bağlı müəyyən maddələr üzrə ittiham verilə bilərdi, amma cəzanın həddi ömürlük ola bilməzdi. Hətta onun əməlində kriminal nüanslar olubsa da, verilən cəza adekvat deyil".
Deputat qeyd edib ki, prezident, növbəti əfv fərmanı zamanı Zakir Nəsirovun məsələsində də humanist yanaşa bilər: "Hamımız keçmiş Milli Təhlükəsizlik Nazirliyində nə baş verdiyinin şahidi olduq. Prezident çox ciddi ölçülər götürdü, hazırda orada yoxlamalar gedir. İnsanlara qarşı qeyri-qanuni hərəkətlər, törədilən cinayətlər vardı. Mən inanıram ki, bu işlər içərisində Zakir Nəsirova qarşı edilən ədalətsiz hərəkətlərin də müəyyən bir qismi üzə çıxdı və aydınlıq gətirilməkdə davam edir.
İşlədiyi quruma, yaşadığı dövlətə və onun siyasi hakimiyyətinə hər zaman canından artıq hörmət bəsləyən, xidmət göstərən bir şəxsin tələsik məhkum olunmasının qarşısı bu gün alınmalıdır. Cənab prezident, növbəti əfv fərmanı zamanı Zakir Nəsirovun məsələsində də humanist yanaşa bilər. Ümid edirəm ki, belə də olacaq. Qobustan həbsxanasında biz Zakir Nəsirovla görüşəndə özünü çox təmkinli aparır, ona qarşı haqsızlıq edən dövlət qurumları haqda da heç bir ifadə işlətmirdi. Hər dəfə deyirdi ki, mən prezidentimi, xalqımı, dövlətimi sevirəm. Zakir Nəsirovun əfvi təkcə onun ailə üzvləri yox, çoxsaylı hüquq müdafiəçiləri tərəfindən də müsbət dəyərləndiriləcək".
Qafqazinfo.az