Azərbaycanda “Professorlar klubu” yaradıldı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə UNEC-də “Professorlar Klubu” təsis edilib.


AzNews.az xəbər verir ki, "Professorlar Klubu"nun yaradılmasında məqsəd professor və elmlər doktorlarının intellektual potensialından istifadə edərək müasir cəmiyyətdə qabaqcıq ideyaları aşılamaqdır. Kluba üzv olanlar bilikləri, bacarıqları və həyat təcrübələrini bölüşmək üçün qeyri-formal şəraitdə, fəal və müxtəlif zövqlərə cavab verən maraqlı istirahət zamanı ziyalı mühitində səmimi ünsiyyət qura biləcək.

Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərovun təşəbbüsü ilə yaradılan klub Azərbaycanın və xarici ölkələrin professorları, elmlər doktorlarının könüllülük və bərabərlik əsasında yaradılan birliyi funksiyasını öz üzərinə götürür. Klassik və müasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantıların təşkili, beynəlxalq elmi cəmiyyətlərə klub üzvlərinin inteqrasiyasına nail olmaq, istedadlı gənc alimlərə hər tərəfli dəstək olmaq, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə təmsil olunmaq klubun fəaliyyət istiqamətində yer alıb.

Klubun idarəetmə orqanında Rəyasət heyəti və Sədr yer alıb. Kluba üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktoru kluba qoşula bilər.