Təqaüdü “yeyilən” şəhid ailəsiylə bağlı araşdırma başladıldı - Həmin şəxslər tapılıb

Bir müddət əvvəl AzNews.az saytı Bərdə rayon Mustafaağalı kəndində yaşayan və şəhid ailəsi olan Muradovlara kəsilmiş təqaüdün mənimsənildiyi ilə bağlı yazı dərc etmişdi.


Yazıda şəhid anası Əsli Muradovanın şikayəti yer almışdı. Ə.Muradova bildirirdi ki, şəhid oğlu Mübariz Muradova verilən təqaüd Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən mənimsənilib. Məsələ ilə bağlı millət vəkili Zahid Oruc da Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

AzNews.az xəbər verir ki, yazının dərc edilməsindən və Z.Orucun Baş prokurora müraciətindən sonra Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində nazirlik bankomatdan şəhid Mübariz Muradovun təqaüdünü alan bir neçə nəfərin təsvirini əldə edib. Bu barədə saytımıza Əsli Muradova məlumat verib.

Bildirib ki, mayın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bərdə Rayon Şöbəsində olub: "Mayın 5-də şöbəyə dəvət olundum. Şöbənin baş mühasibi Rauf müəllim mənə məlumat verdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bankomatdan şəhid Mübariz Muradovun təqaüdünü alan bir neçə nəfərin təsvirini əldə edib. Müəyyənləşdirilib ki, həqiqətən də mənimsənilən 11 350 manat şəhid təqaüdünü mən almamışam. Məndən şəhid təqaüdünü almadığıma dair izahat götürdülər. Bildirdilər ki, bu izahat eyni zamanda Baş Prokurorluğa göndəriləcək. Tələb olunan izahatı yazdım, notarial qaydada təsdiqləndi və onu Bərdə ƏSMM-nə təqdim etdim".

Qeyd edək ki, Mustafaağalı kənd sakini Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb və həmin ilin dekabr ayında şəhid olub. Şəhid anasının bildirdiyinə görə, Bərdə rayon ƏSMM onun oğluna verilən təqaüdü mənimsəyib: "Oğluma şəhidlik statusu verilməsi üçün 2014-cü ilin noyabrında Bərdə rayon ƏSMM-dən məktub aldım. Hərbi Komissarlıqdan oğlumun şəhid olması barədə arayış istəyirdilər. Yenə də ala bilmədim. 2015-ci ilin iyun ayında bildim ki, Bərdə rayon ƏSMM-də 2008-ci ildən üzü bəri bizə verilən bütün təqaüdlər alınıb".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev şikayətin tirajlanmasından sonra açıqlama yayaraq, Bərdə rayonu Mustafaağalı kənd sakini Mübariz Muradovun şəhid olmadığını, xəstəlikdən öldüyü bildirmişdi. Nazirlik rəsmisi qeyd etmişdi ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda M.Muradovun Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi yazılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az