Vətəni qibləgah edən şəhidlər –XII Vətəni qibləgah edən şəhidlər –XII

Kəşfiyyatçı polkovnikin qəhrəmanlıq dastanı - Fotolar

Vətəni qibləgah edən şəhidlər –XII

Fəlsəfənin təsadüf və zərurət qanunauyğunluğunu ali məktəbi bitirmiş hər kəs bilir. Qədim filosof Əflatun deyirdi ki, "kahinlər insan qəlbinin ölməz olduğunu bildirirlər, baxmayaraq ki, o yer üzündə öz varlığını itirir - bu hala ölüm deyilir, lakin yenidən var olur, heç vaxt yox olmur. Ona görə də ömrü şərəflə yaşamaq lazımdır".

Şəmkirin Şiştəpə kəndində 1976-cı il noyabr ayının 2-də dünyaya göz açmış Vüqar Yusifovlar ailəsinin ilk övladı idi. Sonradan Nurəddin kişinin ailəsində 3 qız və 1 oğlan da doğuldu. Nə varlı oldular, nə kasıb. Hamı kimi az tapanda az yedilər, çoxlarını qonum-qonşu, ehtiyacı olanla böldülər. İllər də ağır gəldi. 1985-ci ildən sonra dağılan təsərrüfatlar, pozulan düzənlər bu kəndin insanlarının da həyatından yan ötmədi. Əvvəlki əmin-amanlıq, birlik də dağılıb gedirdi. Sonra Azərbaycanda yaşayan yağı düşmənlərimiz də torpaqlarımızdan pay istədi. Dedi ki, "arxamda rus durur, firəng dayanır. Ağanəzərəm, belə gəzərəm!" .
Nə yazıqlar olsun ki, Azərbaycan təkləndi. Həm içimizdən, həm də çölümüzdə olan düşmənlərimiz dövlətimizin qəsdinə durdular. Qeyrətli oğullar Vətəni qorumağa getdilər. Nə canlarından, nə qanlarından qorxdular.



1992-93-cü ildə Vüqar Yusifov da kənd məktəbini müvəffəqiyyətlə bitirərək, Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil oldu. Hərbçi peşəsini özü seçmişdi. Çünki el-obasından şəhid olan neçə igidin yasında iştirak etmişdi, Xocalı fəlakətinin ağrısı var idi ürəyinin başında. Talan olmuş yurdlarımız, əsir qız-gəlinlərimizın acı talelərindən xəbərdar idi. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Azərbaycana qayıtdı. Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində taqım komandiri kimi fəaliyyətə başladı. Gənc olmasına baxmayaraq, seçdiyi peşənin uğur cığırına düşdü. Əvvəlcə rəhbərlik onu Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olundu. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olundu, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəldi. Adı müstəqil Azərbaycan dövlətinin Ordusunda xidmət edən bacarıqlı hərbçilər siyahısına düşdü. Azərbaycanla stratejı əməkdaşlıq edən Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə iştirak edərək, peşəkarlığını daha da artırdı. Lakin gənc olmasına baxmayaraq, qazandığı uğurlarının sevincini ancaq evində bildilər. Heç kəndində-kəsəyində, yaxın qohumları da Vüqar Yusifovun qazandığı uğurlardan xəbərdar olmadı. Həddindən artıq təvazökarlığı uğurlarını paylaşmağa mane olurdu.
2014-cü ilin avqustunda cəbhəyanı yaşayış sahələrimizə düşmənin yeni təxribatının qarşısın alınmasında isə xüsusi xidmətlərinə görə fərqlənmişdi. Bu il martın 19-da polkovnik rütbəsini alanda da ailədə kimsənin bundan xəbəri yox idi. Vüqar belə qəhrəman oğlan idi...

Qardaş məhəbbəti başqa cür olur, itkisi necə ağır imiş...

Vətən şəhidimiz, torpaq şəhidimiz Vüqar Yusifov 10 il bundan əvvəl qurduğu ailəsi ilə Sumqayıtda yaşayırdı. Sumqayıtdakı evinə gəldim. Fikrimdə əvvəlcə uşaqları ilə söhbət edib, ataları haqqında soruşmaq niyyətim var idi. Gözlədiyimin tam əksinə oldu. Vüqarın ailəsi, qohumları dedilər ki, evə çox qonaq gələndə uşaqları yaxın qonşunun evinə ötürürlər. Çünki uşaqlar hələ də tam yəqin edə bilmirlər ki, ataları haradadır...

Söhbətə başlamaq istəsək də, qara gözlü, qıvrımsaçlı balaca oğlan uşağının səs-küyündən, hayqırtısından qulaq tutulurdu. Sözün yaxşı mənasında uşaq dinc oturmur, tullanıb-düşür, öz aləmində kiminləsə dava-dava oyunu oynayırdı. Yusif idi... balaca Yusif. Vüqar Yusifovun sonbeşiyi. 2 yaşlı uşağın müharibə oyunu oynamsına təccüblənmədim. Çünki bir zabit oğludur. Yəqin atası öyrədirmiş...

Üzümə dikilən gözlərə baxa bilmirəm. Vüqar Yusifovun bacısı, həyat yoldaşının, qaynanasının, böyük qaynanasının, baldızının gözləri üzümə dikilib. Qaynı Kənan Əliyev söhbəti açır. Evdəkilərə Vüqardan yazmaq istədiymi deyir. Üzümə zillənən o gözlərdəki kədəri ən məharətli rəssamlar çəkə bilərlər.



Qaynansı Rəfiqə Əliyeva: - Vüqar bir başqa adam idi. Elə bilməyin ki, kürəkənimdir ona görə deyirəm... Qohum-əqraba arasında özünə elə hörmət qazanmışdı ki... Ürəyində hamıya yer var idi. Kimsənin xətrinə dəyməzdi. Evə nə qədər yorğun gəlsə idi, o iki qızından, bir oğlundan məhəbbətini əsirgəmirdi. Yorğunluğuna baxmayaraq, aparıb onları gəzdirirdi. Böyük qızı Ayan bu yaxınlarda ona demişdi ki, "ata hamının atası məktəbə gəlir, sən bizim məktəbə gəlmirsən". Həmin günün səhərisi qızı özü məktəbə apardı, sonra rəsm dərnəyinə apardı. Uşağın ürəyi istəyən hər yerdə göründü.

Qaynı Kənan Əliyev: - Sumqayıtda yaşadığından mənə çox yaxın idi. Onunla 10 ildə elə doğmalaşmışdım ki, özümə böyük qardaş bilirdim. Çox mərd adam idi. Elə bilirəm ki, yetim qalmışam. Həmişə qardaş arzulamışdım Allahdan, verdi onu mənə, ləzzətini dadızdırıb, tez də apardı...

Bacısı Dünya Yusifova: - Qardaşsız bacı nəyə gərəkdir, - deyib gözlərinin yaşını qoşa bulaq kimi axıtdı. Bayaqdan məclisə hakim kəsilən səbri dağıtdı elə bil. Hamı göz yaşına hakim ola bilmədi.
- Hərdən elə bilirəm ki, harasa gedib. Yenə gələcək, yenə boynumu qucaqlayacaq. Qardaş məhəbbəti başqa cür olur, itkisi necə ağır imiş... İki qardaşım, iki bacım var. Vüqar ailədə böyük uşaq idi. Ata və ana babalarım vətən müharibəsində iştirak ediblər. Həmişə onların müharibədəki şücaətlərindən danışıb, fəxr edirdi. Sonra da bu müharibə düşdüyündən hərb yolunu seçdi. Elə məktəb vaxtından vətənpərvər idi. Məktəbdə də hamıdan birinci olurdu. Kənddə hamı bilirdi ki, qardaım hərbçidir. Ancaq belə qəhrəman, belə böyük yerdə işlədiyini bilmirdilər. Biz soruşanda deyirdi ki, təlimlərə gedir. Gedirdi və təlimdən qayıdardı. Heç vaxt ağlıma da gətirməzdim ki, qardaşım nə vaxtsa, hardansa qayıtmayacaq... Hələ gözləyirəm, hələ ümid edirəm... Baxmayaraq ki, qardaşımın dəfni günü o qədər insan axını gördüm. Bizim kənddə o qədər insan görməmişdim. Mənim qardaşımı güllə öldürə bilməzdi. O qəhrəman, güclü bir oğul idi... Sirri-xuda qaldı... nə bilim bəlkə nə vaxtsa, necə həlak olduğunu, hansı şəraitdə həlak olduğunu dəqiq biləcəyik... Nə anam, nə atam təsəlli tapa bilir. Bəlkə Azərbaycanın işğalda qalan torpaqları azad olunsa, o zaman rahatlıq tapaq... Atama-anama, ailəmizə o baxırdı... Kaş özü sağ olaydı.. elə kasılbçılığımız edərdik...

- Ay bala, Cəbrayıl rayonu işğal ediləndə, Lalənin 4-5 yaşı var idi. Balaca uşaq idi, – deyib, gözlərinin dayanmayan yaşını silib, söhbətə başladı Tamara xala.
- Lalə böyük qızım Rəfiqənin qızıdır. İndi mənim taleyimi yaşayacaq. 24 yaşım olanda həyat yoldaşımı itirdim. İki qızım qaldı. Balaca-balaca. Allaha sığınıb, onları böyütdüm. Sonra da rayonumuzu ermənilər aldılar. Didərgin düşdük. Mən də Sumqayıta Rəfiqənin evinə gəldim. Çətin işdir... atasız uşaq böyütmək... Gərək mən görənləri nəvəm görməyədi... Lalə böyüdü... Cəbrayıl rayonu hələ də düşməndədir. Lalənin əri də o düşmənin güləsinə tuş gəldi... İndi Lalənin əri şəhid oldu...Dərd məndən əl çəkmir. Hara getsəm dalımca gəzir...



Uşaqlar atalarını necə xatırlayırlar...

Elə bu vaxt Kənan əlində çərçivəyə salınmış bir rəsm gətirdi. Əsgər şəkli idi. Dedi ki, Vüqar şəhid olmazdan 15 gün əvvəl qızı Ayan çəkib. 9 yaşlı qız uşağının rəngli boya ilə çəkdiyi əsgər şəklinə baxanda titrəyiş keçdi canımdan. Göz yaşlarım içərisində soruşdum ki, bu nə möcüzədir? Anası Lalə danışdı:

- Mart ayının 15-də Sumqayıtdakı Texniki Elmlər Liseyində rəsm müsabiqəsi elan etdilər. Ayan da Sumqayıt şəhərində keçirilən məktəblilərin rəsm sərgisində birinci yerin qalibi oldu. Atası bu şəkli görüb o qədər sevindi ki, həmin gün onları aparıb gəzdirdi. Ayan atasına, atası da Ayana sürprizlər etdi. Gözləri dola-dola atasına dedi ki, "müəllimə mənə göy qurğaşı çəkməyi tapşırdı, mən isə "əsgər çəkəcəyəm" deyib, səni çəkdim. İstədim yazam ki, "səninlə fəxr edirəm Azərbaycan əsgəri, ancaq utandım...". Xasiyyət etibarı ilə Ayan çox kövrəkdir...

Şəhid polkovnikin xanımı söhbətinə davam edir:

- Atalarıni itirdiklərini dillərinə gətirməyə cəsarət etmirlər. Onların yanında atasının yoxluğundan danışmağa da ehtiyat edirik. Amma, evimizdə qəribə hadisələr olur. Vüqarı kənddə dəfn edən günün səhərisi, Aytən ağlaya-ağlaya yuxudan oyanıb dedi ki, "atam məni çox istəmir". Könlünü alıb, ovundurduq. Sözə tutduq ki, görək nə olub, nə deyəcək. Aytən həmin günü yuxu görüb. Evdəkilər yuxunu bütün təffərrüatı ilə Aytəndəndan soruşanda, uşaq danışdı:

"Atam çox gözəl bir yerdə süfrə açıb, 6 nəfər dostunu da yığıb yanına, ad gününü keçirirdi. Hər yer çox gözəl idi. Süfrə ətrafında oturanlar da hamısı şənlənirdilər. Ancaq onların əynindəki paltarlar da başqa idi. Heç atanın evdə elə paltarı yox idi. Mən istədim ki, gedəm atamın qucağında oturam, yenə mənə yemək yedizdirsin, ata mənə "rədd ol!" deyib qovdu, qucağına almadı. Ona görə ağlayıram ki, ata daha məni çox istəmir...".

Qızlarım çox aqressiv olublar... Nəyisə bəhanə edib, başlayırlar ağlamağa. Əvvəllər belə deyildilər. Gedib-gəlib üzümdən öpürlər. O gün Ayan mənə deyir ki, !mən səni indi daha da çox istəyirəm!. Deyirəm ki, nə olub qızım? Deyir !bilmirəm ... nə olub, ancaq indi qardaşım Yusifi də, səni də hamıdan çox istəyirəm... Atamın üzü yadımdan çıxıb... Ona görə sizi çox istəyirəm". Bəzən indiki zamanda, bəzən də keçmiş zamanda danışırlar ataları haqqında... Demişik ki, Amerikadadır, gec gələcək. Bir neçə gün bundan əvvəl Aytən soruşur ki, "ana şəhidlər harada olur?". Deyirəm ki, göylərdə... O gün atası haqqında söhbət edirdilər iki bacı, Ayan deyir ki, nəyisə təəssüf ki, almayacaq atası... ancaq nə onlar , nə də biz "ata yoxdur" kəlməsini işlətməmişik. Bilmirəm nə vaxt açıb danışaq...



Sonuncu gün nağıla dönən Vüqarı necə yola salmasından danışır Lalə xanım:

- Martın 28-i səhər saat 6-da Vüqarı yola salanda ürəyim sıxıldı. Heç vaxt belə olmamışdım. Ağlaya-ağlaya dedim ki, nə vaxta kimi belə olacaq?.. Yığış otur evində. Yoxsa daha səndən boşanacağam. Yoruldum səni gözləməkdən... Qayıdıb dedi ki, "narahat olma, birdəfəlik qayıdıb, hər şeyi yoluna qoyacağam...".

Lalə "onda tez qayıt" deyib, gözlərinin yaşını silərək yola salmışdı Vüqarı:

Qarabağda talan var,
Zülfün üzə salan var.
Gedirsənsə, tez qayıt,
Gözü yolda qalan var.

Bu ailədəki insanların taleyində baş verənləri sanki əvvəlcədən hiss etmə qabiliyyətləri var. Son döyüşlər başlamazdan bir-iki gün əvvəl Lalə bir yuxu görmüşdü:

"Yuxumda gördüm ki, məni yerə uzadıblar. Bədənimə çoxlu mismarlar vururlar. Evə isə Vüqarın tabutunu gətirirlər. Bayrağa bükülü... Oyanıb Vüqara zəng vurdum. Adətən mənə icazə vermirdi işdə olduğu zaman ona zəng etməyə. Deyirdi ki, özü zəng vuracaq. Soruşdum necəsən. Dedi salamatçılıqdır. Daha heç nə demədim... Fikirləşdim ki, yuxudur da....

Aprelin 1-i həmişə onunla zarafat edib aldadardı uşaqlar. Ayan zəng edib, bir zarafat elədi. Əvvəlcə inandı. Sonra 1 aprel olduğunu xatırlatdıı atasına. Telefonun o biri başında zarafat olduğunu biləndə ürəkdən güldü. Mən danışmaq istəyəndə, hirsli şəkildə "sonra danışarıq" dedi. Məəttəl qaldım. Vüqar heç vaxt mənə qarşı belə kobudluq etməmişdi. Bu nə ola bilərdi. Narahatlıqlarım başladı. Sonra 2 aprel oldu. Yenə narahatam. Həmin gün bacım Nərminin ad günü idi. Onlarda oturmuşduq. Ayan xalasının ad gününə sağlıq demək əvəzinə dedi ki: "Arzu edirəm ki, birinci atamın canı sağ olsun, sağ-salamat qayıtsın evimizə ...". Məəttəl qaldıq. Anamın gözləri doldu. Axı Ayan təmas xəttində baş verənlərdən xəbərsiz idi. Bir də ki, biz nə vaxtsa, Vüqarın ölüm xəbəri gələcəyinə inanmırdıq. Vüqar kəşfiyyatın da, düşməndən qorunmağın da bütün sirlərini bilirdi. Aprelin 3-də zəng vurdu. Çox soyuq danışdı. Səhəri dirigözlü açdım. Aprelin 4-ü səhər obaşdan, 6-da gedib qonşuma dedim ki, gəl yanımda dayan zəng vuraq Vüqarı axtaraq. Həmin vaxt Vüqara telefonla mesajlar yazdım. Canını tapşıranda yazdığım isə "məni tək qoyma olub". Sən demə mən yazan anda şəhid olubmuş.



Lalənin gözlərinin yaşı quruyub. Vüqardan danışanda sanki sağ-salamat adamdan bəhs edir. Gözləri də gülür hərdən. Lalə 10-cu sinifdə oxuyanda onu bəyənib, inadkarlıq göstərərək qızı və ailəsini razı sala bilmişdi Vüqar. Sonra Lalənin institut bitirməsinə də şərait yaradır. Laləyə deyirmiş ki, Cəbrayılı alacağam sənin üçün... Həm də "Dağ çiçəyim deyirmiş" sevdiyinə. Lalə Vüqarın məktublarını, təbrik açıqcalarının hamısını bu günə qədər qoruyub saxlayıb. Hələ bir dəftər göstərdi. Vüqarın onunla ilk tanış olduğu gündən telefonla yazdığı mesajların saniyəsi, saatı, günü, ayı, ili ilə... hamısını bir –bir dəftərlərə köçürüb saxlayıb... Vüqarın ürək sözlərindən gündəlik yaradıb özünə... Elə bil ki, bilirmiş ki, 10 il olacaqdı xoşbəxt ailəliklərinin tarixi.

"Ürəyində zirvələrə bayraq sancmaq həsrəti gəzdirirdi"

- Özünə heç gələcək götürmürdü- deyir Lalə. Bir dəfə də dedi ki, iki qızımız var. Bir oğlumuz da olmalıdır ki, gələcəkdə sənin dayağın olsun. Evə sığışmırdı. Onun üçün ən gözəl yer işlədiyi hərbi hissə idi. Evə gələndə uşaqları özü ilə tay-tuş olurdu. Belinə çıxırdılar, onlara qoşulub yerdə sürünürdü,oynayırdı. Sonra da deyirdi ki, "hərbi hissədə məni belə görsələr, inanmazlar ki, bu mənəm". Qızlara vətənpərvərlikdən o qədər danışmışdı ki, işdən evə qayıdanda Ayan və Aytən ondan soruşurdular ki, "ata erməni öldürdün?". Deyirdi ki, "qızım az qalıb, öldürəcəyik". Təqribən 1 ay əvvəl bizi yığıb Şəhidlər Xiyabanına apardı. Elə bil onlardan hallıq alırdı. Ötən il Ayanın doğum günüdə bizi Şahdağa apardı. Axı o həm də alpinist idi. Dostu ilə zirvəyə çıxıb oraya Ayanın şərəfinə Azərbaycan bayrağı sancmışdı. Ürəyində zirvələrə bayraq sancmaq həsrəti gəzdirirdi.



Kənan Əliyev, qaynı:

- Cəbhənin təmas xəttində ara qarışanda bir dəfə danışdım Vüqarla. Çox narahat idi. Mənə dedi ki, "uşaqlardan muğayat ol, işimiz qurtarıb zəng vuracağam". Səsi çox pis gəlirdi, yorğun idi. Sonradan onunla birlikdə olan döyüşçü dostları dedilər ki, 3 gün Vüqar nə yatdı, nə çörək yedi. Hərdən bir ayaqüstə mürgülədi. Hələ Vüqar sağ ikən, bacım Lalə mənə zəng vurdu ki, Vüqarı axtar... Gümanım çatan yerlərə zəng vurdum. Ermənistan və Azərbaycan saytlarını izləyib, müqayisələr aparırdım. Xəbərlərin birində oxudum ki, düşmən kəşfiyyat qrupunun qüvvələri məhv edilib. Şübhələndim xəbərdən. Gecə saat 10-da tam əmin oldum ki, Vüqar həlak olub. Vüqarın sonuncu döyüşü aprel ayının 4-də Tərtər rayonu Talış yüksəkliyində olub. Sonradan öyrəndim ki, kəşfiyyat komandirinin rəhbərliyi altında iki dəstə Gülüstan tərəfdən hərəkət edərək düşmənin 3 postunun arxasına keçib, ilk həmlə ilə birinci səngərdə olan 18 erməni əsgərini məhv edərək, postdu götürüblər. Bu an təpənin başında gecəgörmə cihazı ilə düşmənin say çoxluğunu və yana doğru hərəkətini görərək, onların qüvvələrimizi mühasirəyə almaq fikrini anlayıb, tabeliyindəki döyüşçülərə mövqelənmə barədə göstəriş verib. Düşmən hücumunu dəf edən kəşfiyyatçılarımız əks-hücuma keçərək növbəti 3-cü posta qədər irəlləyiblər. Qeyri-bərabər qüvvələr balansı yaranmasına baxmayaraq, iki cəsur komandirin 18 nəfərdən ibarət kəşfiyyat qrupu son nəfəsədək döyüşəcəklərinə and içib, dörd saatlıq qeyri-bərabər ağır döyüşdən sonra düşmən tankıını partladaraq, 50 nəfərlik xüsusi təyinatlı erməni əsgərləri məhv ediblər. Bu an düşmənin maskalanmış tankı önə çıxıb,kəşfiyyatçılarımıza atəş açıb. Həmin ərazidə ürəyi vətən-torpaq ücün döyünən iki cəsur komandir polkovnik Vüqar Yusifov və polkovnik-leytenant Raquf Orucov və 8 nəfər döyüşçü şəhid olublar. Bununla da postları yağılardan təmizləməklə Azərbaycan hərb tarixində şanlı səhifə yazıblar. Cəsur komandirlərin başçılıq etdiyi bu əməliyyatlarda ümumilikdə düşmənin 100-ə yaxın yaraqlısı məhv edilib...

...Allaha yalvarırdım ki, kaş meyitlərimiz erməni əlinə keçməsin, çünki onlar əclafdırlar, ölənlərin üzərində insanlığa sığmayan hərəkətlər edirlər. Gecə ilə yola düşdük Şəmkirə... Bacım da, anam da... ailəmizi Vüqarı Şəmkirdə qarşılamağa aparırdım...

...Vüqar başqa cür adam idi. Onda təkəbbür yox idi. 2014-cü ilin avqust ayında başlanan 3 günlük müharibədə Şəmkirdən olan bir giziri şəhid olmuşdu. Onun ölümündən çox təssüflənirdi. Bir dəfə də, Yaşmaya, işlədiyi hərbi hissəyə getmişdim. Hərbçilərin yığışdığı balaca bir yeməkxana var. Bir də gördüm ki,Vüqar bir kişinin qabağında əyilib, o boyda oğlan kiçik bir uşağa dönüb, qarşısındakı adamla söhbət edir. Vüqarı kimsənin qarşısında əyilən görməmişdim. Yaxınlaşanda gördüm ki, bir ayağı olmayan döyüşçüsüdür. O da 2014-cü ildəki avqust döyüşlərində yaralanıb, qazidir. Vüqar onun nazını çəkirdi, qayğısına qalırdı... Vüqar üçün əsgər balası qardaşı qədər şirin idi... Vüqar əsgərlərini o qədər sevirdi ki, hər dəfə təlimdən, kəşfiyyatdan qayıdanda mənə pul verirdi ki, get iki qoyun al, qurban kəsdir. Birini əsgərlərin salamat qayıtması üçün, birini də yetim-yesiri sevindirmək üçün kəsirdi...



"Sizin üçün darıxmışam... qızlarım..."

... Aytənlə Ayan gəldilər. Uşaqlaraı görüb çaşdım. İndi nə deyim, necə danışdırım bu qızcığazları... Özümü tez ələ alıb, qara hörüklü Ayanın və Aytənin üzündən öpdüm, dedim ki, Ayan sənin əsgər rəsminin sorağına gəlmişəm. Əvvəlcə inandı. Gözləri güldü. Dodaqları da qaçdı. Sonra sual etdim ki, niyə elə şəkil çəkdin?! Susdu... Gözlərində donuq bir ifadə var idi... Suallar etdim, cavabı olmadı. Axırda dedim ki, ən çox sevdiyin rəsmin hansıdır? Dedi ki, "Əsgər rəsmi". Daha hansı rəsmi çəkmək fikrin var, deyə soruşdum. Dili açıldı deyəsən:

- Ailəmizin rəsmini çəkəcəyəm. Atam ortada, yanında anam, mən, balaca bacım Aytən və qardaşım Yusif...

Ayan gedib o biri otaqdan rəsmlərini gətirdi. Sumqayıtdakı Texniki elmlər təmayüllü məktəbin 3-cü sinfində oxuyan 9 yaşlı qızın əl işlərinə baxıb, heyran olmamaq mümkün deyildi. Dedi ki, istəyir ki, Sumqayıtda bacısı Aytənlə çəkdikləri şəkillərin sərgisi təşkil edilsin. Onu sevindirmək üçün, söz verdim ki, dostlarımızdan xahiş edəcəm, may ayının sonuna kimi iki bacının əl işlərindən ibarət sərgi təşkil edilsin.

6 yaşlı Aytən kənardan dayanıb söhbətimizin bitməsini gözləyirdi. Dedi ki, atasını tez-tez yuxuda görür:

- ... O gün yenə yuxumda gördüm. Bir dəfə məni qovmuşdu... İndi qovmadı. Atam sehrbaz olmuşdu... Getdik mağazaya, mənə gəlincik aldı, şirniyyat aldı... Nə istədimsə hamısını aldı... Yuxumda mənə dedi ki, "Sizin üçün darıxmışam...". Sonra üzümdən öpüb, getdi... Atam burda olanda isə martın 2-də Ayanın ad günündə plan qurduq. Səhər tezdən getdik dükana, Ayan üçün hədiyyə alıb gətirdik... Yuxudan duranda ona sürpriz elədik...

Sonra bir gənc oğlan da gəldi ... Söhbətimizin sonunda bildim ki, Vüqar Yusifovun kiçik qardaşı Pərvizdir. Ali məktəbin ikinci kursunda oxuyur. Onun və dostu olan digər qohumunun Bakıda yaşamaq, oxumaq xərclərini böyük qardaş kimi Vüqar ödəyirmiş...



- Vüqar yaddaşında necə qaldı Pərviz?

- Qardaşımı çox istəyirdim. Mənim həyat idealım idi. Onunla çox güclü idim. Problemlərim yox idi. Tək qalanda mənə həmişə deyirdi ki, kim olursan ol, özünü kimsədən uca tutma, həmişə dön keçmişinə bax. Qardaşsız, çətin olacaq... İndi onun balalarını sevəcəm... Çalışacam onun kimi güclü olum...

Söhbətimizin sonunda şəhid xanımı Lalə dedi ki, həyat davam edir. Vüqarın yadigarı olan balaları böyütməlidir.
"Bundan sonra da gərək elə yaşayam ki, əməlim, işim düz olsun, mən də cənnətə düşmək istəyirəm, Vüqar kimi... Vüqarın tabutunu açdılar, bumbuz sifətində gülüş donmuşdu. Elə xoşbəxt ifadə var idi ki, üzündə... İstəyirəm ki, cənnətdə onunla görüşüm... Ancaq ki, gərək XƏBƏRSİZ getməyəydi...".

Xəbərsiz tökülür yaz yağışları,
Çəmənlər xəbərsiz bəzər dünyanı.
Saçıma ələnər dağların qarı,
Fikrim bulud kimi gəzər dünyanı,
Ömrü bir yüyənsiz ata bənzətmə,
Sənə yalvarıram: XƏBƏRSİZ GETMƏ!
Qayadan kiminsə göz yaşı axır,
Sonuncu məktubdur yamacdakı iz.
Qəbristan yolları bizsiz darıxır,
Ölüm qapımızı güdür xəbərsiz,
Ömrümüz didilir, ürəyi didmə,
Sənə yalvarıram: XƏBƏRSİZ GETMƏ!
Bu yollar geriyə dönməyəcəksə,
Sənə yalvarıram, XƏBƏRSİZ GETMƏ!
(Sabir Rüstəmxanlı)

Laləgildən ayrılandan iki gün sonra şəkil istəmək üçün şəhidin qaynı Kənana zəng vurdum. Dedi ki, Aytənlə Qafqaz Universitetinin qonağı olublar. Burada keçirilən tədbirdə Azərbaycan şəhidləri də anılıb, şəhid polkovnik Vüqar Yusifov isə universitet tərəfindən "İlin adamı" mükafatına layiq görülüb. Həmin tədbirə Aytən Yusifzadə hərbi forma geyinərək gedib. Universitetdə atasına verilən mükafatı kiçik qızı Aytənə təqdim olunub. Aytən heç nə danışa bilməyib, hıçqırıqlar içərisində ağlayıb.
Qafqaz Universiteinin rektoru Əhməd Sanıç və prorektor Natik Paşa şəhid balasını bağırlarına basıb onu sevib, əzizləyiblər. Ona universitetin adından hədiyyə veriblər və deyiblər ki, şəhid Vüqar Yusifovun uşaqları gələcəkdə ali təhsil almaq istəyərlərsə, universitet onarın bütün xərclərini çəkməyi öz öhdəsinə götürür.

Aida Eyvazova
image description image description image description image description image description image description image description image description image description image description image description image description