Həmişə salamlaşın və ya Madrid qonaqpərvərliyi

Aygün Əliyeva


Madridə ilk ayaq basdığım andan bu şəhərin böyüklüyü və böyüklüyünə görə insan sayının az olması məni kədərləndirdi. Səsli-küylü, sıx, tıxaclı Bakıdan sonra bu şəhər bomboş gəldi.

İlk qaldığım otel Madridin kənarında, əsasən villaların olduğu bir ərazidə idi. Yanvarın 10-u, qışa xas olmayan aprel havası, sakitlik, yaşıllıq, ən əsası sükut. Qəribə bir sükut insanı həm dincəldir, həm də dəli edirdi.

İlk aylarda zaman sürətlə keçdi. Çox tez, hətta ilk gündən anladım ki orta səviyyəli ingiliscəm burada heç kimə lazım deyil. Əgər sən ispanca bilmirsənsə, səninlə heç kim danışmayacaq. Yerlilərin yaşlı təbəqəsi demək olar ki, ingilis dilini bilmir, onlar, əsasən, fransızca və ya italyanca öyrəniblər. Cavanlar isə... Madrdiddə onlar azdır.

İspanca öyrənməsəm, yerli əhaliyə qarışa bilməyəcəkdim. Bu isə həyatı çətinləşdirir . Ona görə də oturum və ev məsələsini həll edən kimi ilk işim intensiv dil kurslarına getmək oldu. İspan dilini rahat hesab edirdim. Amma bu kurslar qısa fasilələrlə 2 ildən çox davam etdi. İndi hər gün ispanca danışmağıma və hər axşam məşğul olmağıma baxmayaraq, hələ də bir çox nüansları, xüsusən, mürəkkəb cümlə quruluşunu tam qavraya bilmirəm.

Bir xaricinin Madriddə kirayə ev tapması çətindir. Kirayə evlərin bir çoxu yaşlı madridlilərə məxsusdur, onlar isə çox konservativdirlər. İlk sualları da budur : "hansı ölkədən gəlimisiniz?" Sualın cavabı Azərbaycandırsa, yaşlı ispan dərin fikrə gedir, sonunda başa salırsan ki, Azərbaycan Qafqazdadır, Türkiyə, Rusiya və İranın qonşusudur. Əvvəllər Sovet Hakimiyyətinin tərkibində olub, amma indi müstəqildir və sairə.

Bütün bunu yaşlı ispana başa salandan sonra ikinci sual bu olur: "müsəlmansız?"

Ev tutmaq üçün aylıq kirayə haqqının iki və ya dörd mislini əvvəlcədən avans olaraq verməli, iş yerindən sənəd təqdim etməlisən. Xarici vətəndaşlardan isə səfirlikdən sənəd tələb edirdilər ki, ölkədə qanunsuz yaşamadığın məlum olsun.

Ürəyimi deşən səssizliyi dəf edə bilmək üçün şəhərin ən gur, ən səs-küylü rayonlarından birində ev tutdum. İspanlarla, daha doğrusu, madridlilərlə daha yaxından tanış oldum.

Bəli, yerli əhali özünə "madrilenos", yəni "madridli" deyir. Onlar çox rahat və emosional danışan insanlardır. Tələsmədən yeyirlər, ucadan söhbət edirlər. Qrup və ailə olaraq toplaşmağı sevirlər. Ailə dedikdə ata, ana və uşaqlar yox, nənə, baba, əmiuşaqları, xalauşaqları, qısacası, 20-30 nəfərlik böyük yığıncaqlar nəzərdə tutulur. Onlar hər həftə sonları toplaşıb çaxır və pivə içərək, yemək yeyərək eyni anda və ucadan danışmağı sevirlər. Ümumiyyətlə, madridlilərə baxanda adama elə gəlir ki, burada hər gün bayram və ya tətildir. Kafelər heç vaxt boş olmur, restoranlar isə axşam 8-dən sonra dolmağa başlayır və bu axşam yeməkləri gecə saat 2-3-ə kimi çəkir.

Madridlilər açıq havada oturmağı sevirlər. Bir az günəş çıxan kimi, hamı küçədədir. Onların rahatlığı insana sirayət edir və istər-istəməz düşünürsən: saat 11-də kafedə oturub həzin-həzin kofe içən madridli bu kofe pulunu hardan tapır?

Xidmət yüksək səviyyədədir. Xidmət sektorundakılar mehribandır, gülərüzdür. Mütləq salamlaşırlar, ümumiyyətlə salamlaşmağı sevirlər. "Salam" vermək onlarda bir ritualdır. Xüsusən də, bunu onların dilində edirsənsə. Səhvlərlə danış, amma ispanca danış, onlar səni anlayacaq və kömək edəcəklər. Onların dilində danışsan onlardan birisən, danışmasan turistsən. Bu qədər sadə.

Madridlilər yemək mövzusunda konservativdirlər. Donuz qaxacı və zeytun yağlı salatlarını heç nəyə dəyişməzlər. Digər xalqların yeməkləri onlar üçün maraqlı deyil. İspanlar çox və uzun-uzadı yeyirlər. Salat və ya soyuq şorbalarla başlayırlar, böyük bir boşqabda verilən əsas yeməklə davam edirlər, şirniyyat və qəhvə ilə bitirirlər. Mütləq yemək zamanı çaxır içirlər. Bu qədər yeməyin qarşılığında kök ispan çətin rastına çıxsın. İdmanı, xüsusən qaçmağı çox sevirlər. Onların əsas sirri tələsmədən və demək olar ki, eyni vaxtlarda və bolluca tərəvəz, balıq və qırmızı ət məhsullarıdır. Amma çörəyi də sevirlər. Xüsusən, "tapas" adlandırdıqları balaca buterbrodları. Tapasın üstünə ağlınıza gələn hər şeyi qoyub onu bəh-bəhlə yeməyi də bacarırlar.

Mətbəx regionlara görə dəyişir: İspaniyanın mərkəzində bütöv qızardılmış quzu və donuz, salatlar, Valensiya bölgəsində düyü yeməyi olan paella, Qalisiya ərazisində balıq, Barselonada içalat və balıq, Andalusiyada soyuq şorbalar-qazpaçço çox populyardır.

Əsl ispanlar özlərinə "ispan" demir, amma İspaniya ərazisindəki başqa xalqlar milli mənsubiyyətlərini ucadan bəyan edirlər. "Mən katalonam", "mən baskam" və sairə.

Yerli qadınlar yaşlarından asılı olaraq geyinirlər. Maraqlısı odur ki, yaş artdıqca geyimlərdəki al-əlvan elementlər də artır. Şərf bağlamağı sevirlər, əksər hallarda əl çantasından əlavə, daha bir çanta götürürlər. Onun içində mütləq oxumaq üçün bir kitab, isti jaket, su, balaca buterbrod olur. Kənardan necə göründükləri onları narahat etmir, heç kim də heç kimi geyiminə görə dəyərləndirmir. Gənclər kosmetikadan az istifadə edir, yaşlılar isə ifrat. İspan qızları çoxumuzun təsəvvür etdikləri kimi qarabuğdayı, canalan fiquralı deyil. Onlar əksər avropalılar kimi ağbəniz, qumral və ya kürəndirlər.

Kişiləri isə yaşlandıqca qadınların əksinə daha sadə geyinirlər. Çox mədənidirlər, xanımlarına qarşı diqqətcildirlər. Yaşlı cütlər insana ləzzət edir.

Zaman keçdikcə ispanları nəinki sevməyi, hətta onları başqa Avropa xalqları ilə müqayisə etməyi də öyrənirəm. Anlayıram ki, ispan dili asan deyil, ispanlar italyanlara bənzəmir, almanlardan fərqli olaraq çox mehriban və yumşaqdırlar, fransızlar kimi dəyişkən deyillər, ailə dəyərlərinə önəm verirlər və sairə.

Amma ən əsası, heç vaxt "İspaniya ispanlar üçündür!" demirlər.

Madrid-ilk baxışdan məhəbbət deyil. O bilirsiniz necə hissdir? "Evlən, sonra sevərsən" kimi.... Madrid elə bir şəhərdir ki, onunla yatmasan, nəfəsini yaxından hiss etməsən, əllərini tutmasan, onun ətrindən məst olmasan sevə bilməzsən.

Onun gözəlliyi təkcə bir-iki küçəsində deyil. O, hər gün sənə yenidən "kəşf edilən" qadın kimidir. Və ya səni hər gün valeh edən kişi kimi.

Küçənin hər tinindən gələn kofe ətri, sənə hər gün qucaq açan insanları... Pisləri də var əlbəttə, kim mükəmməldir ki?

Madrid, uzun uzadı yaşanan eşqdir, səni özünə valeh edən ağıllı, səbirli, mehriban sevgilidir. O çılğınlığını da, ehtirasını da sənə yalnız səninlə olanda göstərir. Yadlar üçün o sakit, soyuq və ciddidir.

Madridi hiss etmək lazımdır. Onunla bir bədən olmaq kimi...