“Azərbaycanda bu qədər biznesi olan adamın başqa nə məqsədi ola bilər ki?” “Azərbaycanda bu qədər biznesi olan adamın başqa nə məqsədi ola bilər ki?”

İsgəndər Xəlilov: “Heç kəs Azərbaycandakı biznesimi əlimdən almayıb”

“Azərbaycanda bu qədər biznesi olan adamın başqa nə məqsədi ola bilər ki?”



"RATİ-də yığışan adamlar Azərbaycan hökumətinə və hörmətli prezidentimizə qarşı deyillər"

Azərbaycanlı iş adamı, "İSR" Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilovun APA-ya müsahibəsi

- İsgəndər müəllim, son zamanlar adınız "Milyarderlər İttifaqı" adlanan qurumla bağlı hallanır. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, qəzetlərin yazdığı barədə mənə də məlumatlar çatır. Onu deyə bilərəm ki, bunların hamısı cəfəngiyatdır. Haqqımda yazılanların hamısı uydurmadır. Haqqımda absurd şeylər yazırlar.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqı barədə nə deyə bilərsiniz? Sizin də bu qurumun Koordinasiya Şurasının üzvü olduğu bildirilir.

- Rusiya Azərbaycan Təşkilatları İttifaqında təmsil olunan şəxslər nə Azərbaycan prezidentinə, nə də Azərbaycan dövlətinə qarşıdır. Bilmirəm bu xəbərləri haradan uydurub yazırlar. Mənim Azərbaycanda biznesim var, 3-4 minə yaxın işçim var. "Yeni Müsavat" qəzeti yazır ki, guya, İsgəndər Xəlilovun biznesini əlindən alıblar. Heç kəs mənim biznesimi əlimdən almayıb. Özüm də tez-tez Bakıda oluram. Bakıdan dünən gəlmişəm. Yazılanlar mənə çox gülməli gəlir, belə yazı yazanların ağlı yoxdur.

- Azərbaycanda belə fikirlər səslənir ki, RATİ-də birləşən insanlar şəxsi maraq və məqsədlərini güdmək məqsədilə belə bir təşkilat yaradıblar. Bu haqda nə deyə bilərsiniz?

- Bir daha demək istəyirəm ki, bu təşkilatda yığışan adamlar Azərbaycan hökumətinə və bizim hörmətli prezidentimizə qarşı deyillər. Yazılanların hamısı uydurmadır. Biz bu təşkilatı Rusiyada yaşayan azərbaycanlılara dəstək olmaq üçün yaratmışıq. Burada bizim məqsədimiz ancaq budur. Başqa nə şəxsi məqsəd ola bilər ki?! Mən iş adamıyam. Azərbaycanda böyük biznesim var. Minlərlə işçim var. Sizcə, bu qədər biznesi olan adam başqa nə məqsəd güdə bilər? Rusiyada da biznesim var. Mənim belə bir təşkilat yaratmaqda nə məqsədim ola bilər ki?! Mən olmayım, Vahid Ələkbərov olsun. Onun nə məqsədi ola bilər ki? Bizim burada yaşayan azərbaycanlılara yardım etməkdən başqa heç bir məqsədimiz olmayıb.

- RATİ-nin yaradılması ideyasının Kreml tərəfindən verildiyi barədə fikirlər səslənir. Təşkilatın yaranması ideyasının kim tərəfindən gəldiyiniz barədə məlumatınız var?

- Təşkilatın Kremlin tapşırığı ilə yaradılması barədə yazılanlar da uydurma fikirlərdir. RATİ-nin yaradılması ideyasının konkret olaraq kim tərəfindən verildiyini bilmirəm. Amma hamımız bir yerə yığışdıq, bu qərara gəldik. Çünki Ümumrusiya Azərbaycan Konqresi zəifləmişdi, öz funksiyasını yerini yetirə bilmirdi. Onlar heç qeydiyyatdan keçə bilmirlər. Ona görə də, Rusiyada yaşayan azərbaycanlılara dəstək verən, Onların problemini həll edən yoxdur. Biz də belə qərara gəldik ki, buradakı 2 milyona yaxın azərbaycanlıya kömək edə bilən bir təşkilat yaradaq. Biz istəyirdik ki, Ümumrusiya Azərbaycan Konqresini əvəz edə bilən, onun funksiyaların yerinə yetirə bilən bir təşkilat yaransın. Bu təşkilatın yaradılması bir ideya idi. Elə bu, ideya olaraq da qalıb. Baxmayaraq ki, qeydiyyatdan keçmişik, amma bir təşkilat kimi formalaşmamışıq. Təşkilatın nizamnaməsi olmalıdır, amma bizdə hələlik heç nə yoxdur. Yalandan yazırlar ki, nə bilim RATİ-nin İdarə Heyətinin üzvləri, nə bilim Koordinasiya Şurasının üzvləri. Bu təşkilat hələ formalaşmayıb, burada belə vəzifələr də yoxdur. Amma mətbuat bunu o qədər şişirtdi ki...

- RATİ-nin fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı nə deyə bilərsiniz?

- Bir söz demək istəyirəm. Uşaq hələ doğulmayıb, ona nə isə ad qoymaq olarmı? Bizim təşkilat da elə doğulmamış uşaq kimidir. Hansı addan, hansı fəaliyyətdən söhbət gedə bilər?!

AzNews.az