Zəlzələlərin proqnozlaşdırılması üçün yeni tədqiqatlar

Seysmoaktiv zonaların seysmogeodinamik şəraitinin öyrənilməsi məqsədi ilə zəlzələlərin proqnozlaşdırılması üzrə işlər davam etdirilməkdədir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən (MGKX) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir-Şəmkir, Şamaxı-İsmayıllı və Abşeron periklinalı seysmotektonik bloklarında monitorinq müşahidələri yerinə yetirilir.

Qeyd olunub ki, geodinamik proseslərin fəallaşması və xarakteri ilə bağlı olaraq regional planda Böyük Qafqaz və Kiçik Qafqaz meqantiklinoriumlarında sıxılma gərginlik-deformasiya strukturları, Aşağı Kür çökəkliklərində və Naxçıvan seysmotektonik blokunda isə genişlənmə gərginlik-deformasiya strukturları xarakterik olub: "Bu regional strukturların daxilində həm sıxılma və həm də genişlənmə lokal strukturların formalaşması yuxarıda qeyd olunan və əsasən klassik zəlzələ ocaqlarında baş vermiş zəlzələlərin yaranması üçün generator rolu oynayıb. Son dövrlərdə Zaqatala-Oğuz və Şamaxı-İsmayıllı seysmoaktiv zonası nisbi geodinamik aktivliyi ilə seçilib. Mingəçevir-Şəmkir seysmoaktiv zonası digər zonallıqlara nisbətən stabil mərhələdə olub. Yalnız blokun cənub-qərb sərhədində Önkiçikqafqaz dərinlik qırılmasının kök hissəsi ilə əlaqədar zəif dinamik aktivlik müşahidə edilib. Abşeron periklinalı seysmotektonik blokunda məxsusi seysmiklik fon səviyyəsinə uyğun gəlsə də, Xəzər dənizində və qonşu Şabran-Siyəzən seysmoaktiv zonasında M>2.5 maqnitudalı 18 zəlzələ təhlil edilib. Respublika ərazisində xəritələnmiş seysmotektonik zonalarda seysmohidrodeformasiya şəraiti zaman-zaman ciddi dəyişikliyə məruz qalıb, ümumi fonda çoxsaylı lokal sıxılma və genişlənmə strukturları qeyd edilib. Bu strukturlardan Oğuz-Şəki, Gəncə-Tovuz və Şamaxı-İsmayıllı strukturlarında gərginlik-deformasiyası daha intensiv olub".

Bildirilib ki, respublika ərazilərində 1:50000 miqyaslı mühəndisi-geoloji planalma işlərinin yerinə yetirilməsi məqsədi ilə son illərdə Şamaxı sahəsində K-39-122-A topovərəqi hüdudlarında tədqiqatlar aparılıb: "Mühəndisi-geoloji planalma işləri aparılmış ərazi alçaq dağlıq zonadır. Burada yer səthinin mütləq yüksəkliyi 550-850 m arasında dəyişir".

AzNews.az