Orta məktəbdə inşa yazmaq bu şagirdlər üçün məcburi olacaq

Azərbaycanda ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburi olacaq.


Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yeni təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"na əsasən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili və riyaziyyat fənlərindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili və riyaziyyat fənlərindən olmaqla, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçiriləcək.

Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir.

Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - rus dili, riyaziyyat və xarici dil fənləri üzrə DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən ümumi təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar.

AzNews.az