Ölkə.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş verən qəzada itkin düşən neftçilərin ailələrinədən reportaj hazırlayıb. Ölkə.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş verən qəzada itkin düşən neftçilərin ailələrinədən reportaj hazırlayıb.

“Yalvarıram, bu körpələrə köməklik göstərilsin” - İtkin düşən neftçinin həyat yoldaşı

Ölkə.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş verən qəzada itkin düşən neftçilərin ailələrinədən reportaj hazırlayıb.


AzNews.az həmin reportajı təqdim edir:

Xəzər yenə 10 can aldı...

Dünən kükrəyən Xəzərdən bu gün əsər-əlamət yox idi. Ələtə gedərkən yol boyu Xəzəri izləyirəm. Sakit, təmiz, özünü ağıllı uşaqlar kimi aparırdı. Dəcəllik edib, etdiyi yaramazlığa görə cəzalandırılmaq istəməyən uşaqlar kimi sakit və kirimişcə durmuşdu. Ancaq özünü ağıllı uşaq kimi göstərən o Xəzər 10 ailəni başsız, neçə uşağı atasız, neçə qadını arxa-dayaqsız qoydu.

Ələt qəsəbəsindəyik. İlk gedəcəyimiz qapı Zülfüqarovlar ailəsinin həyətidir. Məlum hadisə zamanı bu ailədən iki qardaş dənizdə itkin düşüb.

Ailənin böyük oğlu, Zülfüqarov Pərvin Güloğlan oğlu danışır: "Hadisə barədə dünən səhər saat səkkiz radələrində xəbər tutduq. Qardaşım zəng edib dedi ki, dənizdə estakada aşıb. Atamgil də orada olub".



Zülfüqarovlar ailəsi dənizdə batan qardaşların cəsədini gözləyir.

Estakadanın aşması nəticəsində 10 nəfər sulara qərq olub. 10 nəfərdən 5-i Ələt qəsəbəsinin sakinidir.

Qəza nəticəsində itkin düşən Güloğlanın 8 övladı var. Onlardan 5-i oğlan, 3-ü isə qızdır. Güloğlan kişi övladlarından yalnız Pərvinin toyunu görüb.




Güloğlan kişinin yaxın qohumu Cəbrayılov Mikayıl Əlibala oğlu bildirdi ki, çox gözəl, sadə insanlar idi. Başlarını aşağı salıb ailələrini dolandırırdılar. Dövlət heç olmasa bu ailəyə yardım etməlidir.



Yenidən Güloğlan Zülfüqarovun böyük oğlu Pərvinlə danışırıq. Pərvin deyir ki, atam evdə işi barədə danışmırdı. Ona görə də, estakadanın qəzalı vəziyyətdə olub-olmamasını bilmirdik. Sonradan məlum oldu ki, estakada qəzalı olub.

Güloğlan və Azay Zülfüqarovlar 1 aydır ki məzuniyyətdə imişlər. 3 gün öncə məzuniyyətləri bitib, işə çıxıblar. İlk iş günləri isə qara gəlib.

Pərvin deyir ki, ayın 15-i evə gəlməli idilər. Atalarını evdə gözləyən ailə dənizdə baş verən faciə xəbəri ilə yıxılır.

Güloğlanın qardaşı oğlu Akim bildirir ki, küləyin olacağı bəlli idi. Estakadanın vəziyyəti də bəlli idi. Bu qədər insanı niyə ölümün cənginə atırdılar?



Gəl, indi bu suala cavab ver. Nə isə...

Zülfüqarovlar ailəsinin yaxın qonşusu Qayıbov Hacıağa deyir ki, dünən SOCAR və FHN rəhbərliyi hadisə ilə bağlı qərar çıxarıb. Qərara əsasən, dənizə aşan estakada 1996-cı ildən istismar müddətini başa vurub. Bundan başqa da belə hadisələr olub...



"Burada gördüyünüz camaatın əksəriyyəti işsizdir. Arxan və pulun yoxdursa, Allah ümidinə yaşamağa məhkumsan", qonşu bildirir.



Həyətdə qonşularla söhbət vaxtı Azay Zülfüqarovun körpə uşaqları yanımıza gəlir. Amin və Süleyman dünyadan xəbərsiz, bu insanların həyətlərinə niyə gəldiyini anlamırlar.



Azay Zülfüqarovun həyat yoldaşı Çimnaz xanımla söhbət edirik. Çimnaz xanım deyir ki, hadisə barədə səhər tezdən xəbər tutduq. Çimnaz xanım yoldaşı ilə sonuncu dəfə axşam saat 20:00 radələrində danışıb:

"Həmişəki kimi danışdıq. Uşaqları soruşdu, məni soruşdu, sağollaşdıq. Səhər isə telefonuna zəng çatmadı".

Çimnaz xanım işləmir. Ağdam sakini olduğunu deyən Çimnaz xanım evlərinin olmadığını da bildirdi. Çimnaz xanım deyir ki, hələ onlarla heç kim maraqlanmayıb.

"Hökumədən xahiş edirəm, köməklik göstərsin. Yalvarıram, mənə yox, bu körpələrə köməklik göstərsinlər", - deyə Çimnaz xanım ağlayaraq yardım istədi.

Ayazın körpələrinin birinin 4 yaşı var, digəri isə dekabrın 30-da 2 yaşını tamamlayacaq.

Güloğlan Zülfüqarovun həyat yoldaşı danışmaq istədi, ancaq halı pisləşdi və üzünə su vurdular. Ağlamaqdan başqa heç nə deyə bilmədi...

Zülfüqarovların həyətində 30-a yaxın adam var. Onlar da Zülfüqarovlar kimi dənizdə itkin düşən yaxınlarından xəbər gözləyirlər...

Zülfüqarovlar ailəsindən çıxıb Əsədovlar ailəsinə gəlirik.

Evin qarşısına toplaşanların sayı çoxdur. Hamının qulağı telefondadır. Dənizdə itkin düşmüş Samir barədə xəbər gözləyirlər.

Samirin 76 yaşlı atası danışa bilmir. Əlləri əsir, səsi titrəyir. Ata oğul dərdi çəkir...

Samir Əsədovun qardaşı Cəfər Əsədovla danışırıq.



Cəfər bildirir ki, dünən saat 10:00 radələrində faciə barədə xəbər tutduq. İş yoldaşları zəng edib, xəbər verdi ki, Samirgil qəza nəticəsində dənizə düşüb.

Cəfər dedi ki, Samir özünə qapalı oğlan idi. İşdə olanlarla bağlı heç nə danışmırdı. Başına bir iş gəlsə də, bu barədə danışmazdı.

Samir Əsədov ailəli olub. 3 övladı var. Kiçik övladının 4 yaşı var, böyük qızı 6-cı, ortancıl qızı isə 4-cü sinifdə oxuyur.

Rəsmilər hələ də dənizdə itkin düşənlərin ailəsi ilə maraqlanmır.

Rəsmilərin gəlib-gəlməməsi ilə bağlı sualımıza cavab olaraq Cəfər heç kimin gəlmədiyini və maraqlanmadığını bildirdi. Yalnız yerli qəsəbə nümayəndəsi dənizdə itkin düşənlərin ailələrinə baş çəkib.

Samirgilin həyətində olarkən bildirdilər ki, cəsədlər tapıldıqdan sonra SOCAR rəhbərliyi yas xərclərini öz üzərinə götürəcək. Mərhumların həyətlərində mağar qurduracaqlar.

Cəfər dedi ki, indi məlumat gəldi ki, dənizə düşən konteyner tapılıb. Konteynerin içində 5 nəfər adam var. Çalışırlar o konteyneri çıxarsınlar. Bilmirəm, qardaşım o konteynerin içindədir, yoxsa yox.

Cəfər kövrəlir. Susur...



Cəfər deyir ki, dənizdə itkin düşən digər qəsəbə sakini Güloğlan Zülfüqarovla ailəvi dost idilər. İkisi də getdi. Ailələri başsız, uşaqları atasız qaldı. Getdilər...

Cəfər, "Ümid edirəm ki, dövlətimiz bu ailələrə kömək edər. Samirin 3 övladı var. Balaca bir evi var idi. O ev də tam hazır deyil. Yarımtikili idi. Dövlətimiz yəqin ki, kömək əlini bu ailələrə uzadar", deyir.

Cəfər yenə susur. Fikrə gedir, gözləri dolur. Sonra qəmli-qəmli deyir: "Dənizə getməmişdən əvvəl gecə bizə gəldi. Oturduq, çoxlu söhbət etdik. Yemək yedik. Sağollaşdıq. Elə sağollaşdı ki, elə bil əlvida deyirdi. O an adam heç nə başa düşmür. İndi düşünürəm, mənə elə gəlir ki, sanki onun ürəyinə dammışdı".

Cəfər bu sözləri deyərək ağlayır. Gözlərini silə-silə dedi: "Samir mənə dedi, qardaş, sabah işə gedirəm". Sağollaşıb, evinə getdi.



Cəfərin sözlərinə görə, hadisə baş verən gün mərhum neftçi ailəsi ilə danışıb. Həyat yoldaşı zəng edib. Ancaq Samir telefona cavab verməyib. Sonra zəng edib yoldaşına deyib ki, məni niyə axtarmısınız? Mən özüm zəng edəcəm, mənə zəng etməyin.

Bundan sonra Samir dediyi kimi də olacaq, ona heç kim zəng edə bilməyəcək. Heç o da zəng edə bilməyəcək. İstədiyi vaxt yuxulara gələcək...

AzNews.az