Yaponiya səfiri Naftalanda - Fotolar

Respublikamızın mühüm turizm bölgələrindən sayılan, dünya əhəmiyyətli, unikal müalicəvi kurort və sanatoriyaların yerləşdiyi Naftalan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatıb.


AzNews.az xəbər verir ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi" çərçivəsində şəhərin su-kanalizasiya infrastrukturu tamamilə yenidən qurulan, Naftalan Sukanal İdarəsi üçün yeni tikilən müasir tipli inzibati bina istifadəyə verilib.

Dekabrın 21-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, "Azərsu" ASC-nin və Naftalan şəhər İcra Hakimiyyəti rəhbərliyinin, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Naftalan Sukanal İdarəsinin yeni inzibati binasının açılışı olub.

Açılış mərasimində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov son illər şəhərdə aparılan abadlıq quruculuq işlərindən danışmış, içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasını şəhərin sosial-iqtisadi inkişafı, turizm potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi qeyd etmişdir ki, kurort şəhəri sayılan Naftalanda içməli su və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması sevindirici haldır və Yaponiya hökuməti bundan sonra da Azərbaycanda su və kanalizasiya layihələrinin icrasına dəstək verəcək.





"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə genişmiqyaslı içməli su və kanalizasiya layihələrinin icra edildiyini bildirib. "Bu layihələr sırasında kurort şəhəri sayılan Naftalanda su və kanalizasiya infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması mühüm əhəmiyyət daşıyır. 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış layihədən Naftalan şəhərində 9800 nəfər, Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin faydalanması nəzərdə tutulub. Artıq Naftalan şəhəri və Qasımbəyli kəndinin sakinləri yeni mənbənin keyfiyyətli suyundan istifadə edir. Dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 km uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilib. 2013-cü ilin sentyabrın 10-da möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib.Hazırda şəhərə saniyədə 54 litr su verilir ki, bu da istehlakçıların tələbatını tam ödəyir".

Qeyd olunmuşdur ki, layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılmış, ev birləşmələri verilmiş, abonentlər sayğacla təmin olunan, şəhərdə 120-dən artıq yanğın hidrantı quraşdırılıb. Bununla paralel olaraq Naftalan şəhərində 39,4 km kanalizasiya şəbəkəsi yaradılıb, 867 kanalizasiya quyusu, 1750 m uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Abonentlərin yeni yaradılan kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib.

Layihənin sonuncu mərhələsində Naftalan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulub. Tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender elan edilib.

Şəhər ictimaiyyəti adından Hatəm Qocayev çıxış edərək şəhərin içməli su və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları inzibati binaya baxış keçirmiş, burada yaradılmış şəraitlə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Naftalan Sukanal İdarəsi üçün 1600 kvadratmetr ərazidə tikilmiş yeni inzibati binanın ümumi sahəsi 484 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, müasir tələbələrə cavab verən iş otaqları, laboratoriya, zəng mərkəzi, iclas zalı, digər xidməti və yardımçı otaqlar yerləşir. İdarəyə müraciət edən vətəndaşların qəbulu üçün lazımi şərait yaradılmışdır.

Tədbirdən sonra Yaponiyanın ölkəmizdəki səfiri və qonaqlar Naftalan şəhərindəki müalicəvi kurort müəssisələri ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi" çərçivəsində Naftalan şəhəri ilə yanaşı, Xaçmaz, Qusar, Xızı və Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatmış, digər rayonlarda isə layihələrin icrası davam etdirilir.


image description image description