Güzdək sakinləri yolu bağlayacaq Güzdək sakinləri yolu bağlayacaq

10 min əhalisi olan qəsəbəyə avtobus ayrılmır-ETİRAZ

Güzdək sakinləri yolu bağlayacaq



10 mindən yuxarı sakini olan Abşeron rayonun "Aşağı Güzdək" qəsəbəsinin sakinləri avtobus üzünə həsrət qalıb. Bu qəsəbədə yaşan əhalinin əksər hissəsi Bakıda işlədiyi üçün ictimai nəqliyyata böyük tələbat var. Amma qəsəbə sakinləri problemin həllinin "qiyamətə qaldığını" bildirir. Dediklərinə görə, qəsəbəyə avtobus 2-3 saatdan bir işləyir ki, bu da əsl toy-bayrama çevrilir:

"Uşaqlar avtobusun arxasınca elə qaçırlar ki, yada Sovet dönəmində kənd uşaqlarının təyyarə görəndə sevinməyi düşür".

Sakinlər bildirir ki, dəfələrlə əlaqədar orqanlara ərizə ilə müraciət ediblər. Ancaq problem həllini tapmayıb. Əvəzində hər dəfəsində eyni cavab verilib: "Avtobus çatışmazlığı var, yaxınlarda düzələcək".

Amma bu "yaxın"lar artıq 4 ilə yaxındır ki, gəlmir. Yaxud qəsəbə sakinlərinin gözlədiyi avtobusun yolu o qədər uzun olub ki, hələ də Aşağı Güzdəkdən keçə bilməyib.

"Mən şəhərdə işləyirəm. Ayda cəmi 300 manat əmək haqqı alıram. Amma aldığım əmək haqqının az qala yarısı taksilərə gedir. Avtobus olmadığından Şamaxı-Bakı şosesinə taksi ilə gedirəm, oradan isə Müşfiq qəsəbəsinə işləyən 109 nömrəli avtobusla şəhərə gedirəm, Qayıdanda da eyni qayda ilə qayıdıram. Günə ən azı 3-4 manat yol xərcim çıxır. Amma avtobus olsa, bu məbləğ 60 qəpikdən artıq olmaz" deyə qəsəbə sakini bildirir.

Nəqliyyat çatışmazlığından ən çox əziyyət çəkənlər həm də tələbələrdir:

"Gün ərzində bir neçə dəfə sınıq-salxaq bir avtobus gəlir. O da o qədər köhnədir ki, 18 km məsafəni 1 saata güc-bəla ilə gedib çıxır. Əksər vaxtlarda köhnə avtobus da sınıb yollarda qalır. Biz də dərsə vaxtında çata bilmirik. Taksi ilə getməyə isə imkanımız yoxdur".

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyini də öyrəndik. Nazirliyin əməkdaşı Etibar Əzəmmətov qeyd etdi ki, bir müddət əvvəl qəsəbədən avtobusların magistral xəttə çıxmasına qadağa qoyulmuşdu:

"Sonradan əhalidən şikayət məktublarını aldıq. Yenidən avtobusların xəttə çıxmasına icazə verdik. Burada şəxsi sahibkarlara məxsus olan avtobuslar işləyir. Sahibkarın isə 3 avtobusu var. Ola bilsin ki, o avtobuslardan hansısa xarab olur. Buna görə problem yaranır".

Nazirlikdən qəsəbəyə avtobus ayırmamasının səbəbinə gəlincə isə, E.Əzəmmədov bunu sərnişin azlığı ilə əlaqələndirir: "Biz bir daha sahibkarla əlaqə saxlayıb avtobusların 45 dəqiqədən bir xəttə çıxmasını tapşıracayıq".


Qəsəbə sakinləri isə sərnişin azlığı ilə bağlı nazirlik əməkdaşının fikirləri ilə razılaşmırlar:

"Qəsəbədə sərnişin qıtlığı yoxdur. Əgər vəziyyət belə davam etsə və bizə yaxınlarda avtobus ayırmasalar, magistral yola çıxaraq avtomobillərin qarşısını kəsməklə etirazımızı bildirəcəyik".


Bahadur
AzNews.az