“Bu şagirdlər imtahan vaxtı ayrı otaqlarda yerləşdiriləcək” - Məleykə Abbaszadə

Mövcud qaydalara görə, essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar üçün mütləqdir. Bu şagirdlər haqqında öncədən “Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bu barədə Mərkəzin Direktorlar Şurasının bu gün keçirilən iclasında bildirilib.

İclasda çıxış edən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, hazırda imtahanların tariflərinin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra imtahanların keçirilməsi qrafikinin elan olunması və müəyyən tədbirlərin (sınaq imtahanları, sənəd qəbulu və s.) başlanması mümkün olacaq.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması qeyd olunan məsələlərə görə hələlik təxirə salınır.

M.Abbaszadə qeyd edib ki, imtahanların ilkin qrafikində yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub: “Ona görə ki, bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqəlidir və ötən illər bu dövrdə biz qrafiki artıq elan etmişdik”.

AzNews.az