“Zaqatalanın zəlzələdən zərər çəkmiş kəndlərində əhali ilə görüş keçiririk” “Zaqatalanın zəlzələdən zərər çəkmiş kəndlərində əhali ilə görüş keçiririk”

FHN Zaqatalada əhali ilə görüşlərə başladı

“Zaqatalanın zəlzələdən zərər çəkmiş kəndlərində əhali ilə görüş keçiririk”





"Bu gün Zaqatala rayonunun bir neçə kəndində əhali ilə görüşlər keçirmişik". Bunu APA-ya açıqlamasında Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib.

O. Hacıyev bildirib ki, onun rəhbərlik etdiyi heyət Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə birlikdə zəlzələdən zərər çəkmiş kəndlərdə sakinləri dinləyərək, onların problemləri ilə maraqlanıblar: "Sakinlər son təkanlardan sonra evlərə dəymiş ziyan barədə məlumat verdilər. Onlara bildirildi ki, komissiya son təkanlar nəticəsində zərər görmüş evlərə və digər tikililərə baxış keçirəcək. Bundan asılı olaraq komissiya tikililərdə təmir-bərpa işlərinin aparılması, yaxud yenidən tikilməsi barədə qərar verəcək".

Nazir müavini deyib ki, onlar bu gün rayonun zəlzələdən zərər çəkmiş Gözbarax, Mamrıx, Muxax, Danaçı və Əliabad kəndlərində olublar: "Zəlzələdən zərər çəkmiş kəndlərin hamısında görüşlər keçiriləcək, sakinlərin problemləri dinləniləcək, lazımi tədbirlər görüləcək".

O. Hacıyev deyib ki, sakinlər onlara dəymiş ziyana görə ödənilən kompensasiyanı almağa başlayıblar: "Sakinlərin kompensasiyadan imtina etməsi barədə xəbərlər həqiqəti əks etdirmir. Bu gün hər kəs yaxınlaşıb, kompensasiyanı alırdı. Narazı olanların fikirləri dinlənilir, müzakirə olunur və uyğun qərar verilir".

Nazir müavini bildirib ki, bölgədə tikinti və təmir-bərpa işləri də sürətlə davam edir. O. Hacıyev deyib ki, evlərlə yanaşı, sosial obyektlərin də tikintisi aparılır: "Bu günlərdə Qax rayonunun Zəyəm kəndində 240 şagird yerlik tam orta məktəbin açılışı olacaq".

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov isə APA-ya açıqlamasında bildirib ki, rayonda zəlzələdən zərər çəkən sakinlərə evlərinin təmiri məqsədilə kompensasiyaların verilməsi prosesi davam etdirilir: "Bu günə kimi 1058 ailəyə 5 milyon 386 min manat vəsait verilib və bu proses davam edir".

Zaqatala rayon Polis Şöbəsinin rəisi Arif Babayev də APA-nın sorğusuna cavabında bildirib ki, rayonda bu gün heç bir aksiya keçirilməyib: "Bu barədə yayılan məlumatlar əsassızdır".

Qeyd edək ki, Zaqatalada Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən bərpa rəyi verilmiş 2900-ə yaxın ailəyə kompensasiyaların verilməsinə başlanıb. Sakinlərə verilən kompensasiyaların məbləği onların evlərinin sahəsinə görə müəyyənləşib. Belə ki, sahəsi 100 kv/m-ə qədər olan mənzillərə 4000 manat, 150 kv/m-ə qədər - 5000 manat, 200 kv/m-ə qədər - 6000 manat, 200 kv/m-dən yuxarı olan mənzillərə isə 7000 manat vəsait veriləcək.

AzNews.az