Abituriyentlərdə 130-a yaxın mobil telefon aşkarlanıb - Foto

30 aprel 2017-ci il tarixində ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları ilə əlaqədar Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

DİM-dən AzNews.az-a verilən məlumata görə, 1-3 may tarixlərində fəaliyyət göstərən Apelyasiya Komissiyasına imtahanın məzmunu ilə əlaqədar daxil olan müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilmiş və bununla bağlı hər bir abituriyentlə akt imzalanmışdır. Komissiya fəaliyyət göstərdiyi tarixlərdə imtahanlarda baş vermiş müxtəlif hallarla bağlı araşdırma aparmış və müvafiq qərarlar qəbul etmişdir.

İmtahanda baş verən bir sıra hallarla bağlı Komissiya abituriyent və valideynlərə müraciət edir.

Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin təmin edilməsi, eləcə də imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısının alınması üçün imtahan binasının girişində xüsusi buraxılış rejimi tətbiq olunur. Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX), Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən binaya daxil olan hər bir şəxs baxışdan keçirilir. Qəbul qaydalarına əsasən, iştirakçılar tərəfindən binaya mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Bununla bağlı məlumat abituriyentin yaddaş kitabçasında, həmçinin imtahana buraxılış vərəqəsində də qeyd olunur. Çox təəssüf ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müəyyən abituriyentlər yenə də imtahan binasına telefonla daxil olmağa cəhd edirlər. Belə ki, aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında da bu cür hallara rast gəlinmişdir. Qeyd edək ki, buraxılış rejimi zamanı abituriyentlərdən ümumilikdə 130-a yaxın mobil telefon, texniki vasitələr və çoxsaylı köməkçi tədris materialları aşkar edilmiş və həmin abituriyentlər imtahana buraxılmamışdır. Dövlət İmtahan Mərkəzi bir daha abituriyentlərə ciddi xəbərdarlıq edir. Qəbul qaydalarına zidd olaraq imtahan binasına qadağan olunmuş vasitələr keçirən abituriyentlərin imtahan nəticələri ləğv ediləcək.

Bundan əlavə, imtahandan bir gün əvvəl DİM və XDMX əməkdaşlarının iştirakı ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün imtahan zalları, giriş-çıxış qapıları, binanın zirzəmisi, damı möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilir. 29 aprel tarixində imtahan keçiriləcək binalarda aparılan yoxlama zamanı müxtəlif yerlərdə əvvəlcədən gizlədilmiş mobil telefonlar aşkar edilmişdir. Bir binada sanitar qovşağının su çənində 2 ədəd mobil telefon, digər binada isə zibil vedrəsində 1 ədəd mobil telefon gizlədilib.

Öncədən həyata keçirilmiş tədbirlər nəticəsində imtahan günü telefonları gizlətdiyi yerdən götürən abituriyentlər saxlanılmışdır. Mobil telefonları su çənində gizlədən abituriyentin üzərinə baxış zamanı əynində olan jiletin düyməsinə xüsusi xırda kamera yerləşdirdiyi məlum olmuşdur. Abituriyentin məqsədi test kitabçasını videoya çəkmək və naqilsiz qulaqcıq vasitəsilə kənardan ona deyilən cavabları cavab kartına köçürmək olmuşdur. Digər abituriyent isə mobil telefonu təhvil verməkdən imtina etmiş və onu yerə çırparaq sındırmışdır.

image description image description