Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin istintaq dövründə verdiyi ifadəsi açıqlanıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin istintaq dövründə verdiyi ifadəsi açıqlanıb.

MTN-in intihar edən polkovnikinin istintaqa verdiyi ifadəsi məlum olub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin istintaq dövründə verdiyi ifadəsi açıqlanıb.

"Report"un məlumatına görə, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə ittiham aktında göstərilib ki, İ.Əliyev intihar etməmişdən əvvəl Bakı İstintaq Təcridxanasında dindirilib.

O, həmin ifadəni prokurorluğun müstəntiqinə 2015-ci ilin dekabrın 15-də verərkən bildirib ki, Maqsud Mahmudovun ərizəsi ilə bağlı onun haqlı olduğunu deyib. İ.Əliyevin sözlərinə görə, MTN-in sabiq naziri Eldar Mahmudov Tərlan adlı şəxs barəsində təqsirləndirici material toplamaqları barədə E.Quliyevə şifahi göstəriş verib: "Elçin Quliyev bu məsələ ilə bağlı məşğul olmağı mənə tapşırdı. Mən də Tərlanın istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı bir şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı MTN-nə dəvət etdik. Tərlanın qanunsuz əməlləri barədə məlumat əldə edib və bu barədə sabiq nazirə məruzə olundu.Bir qədər sonra Tərlan adlı şəxs Bakı şəhər prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməsini xahiş etdi. Markla ATM-də əsasən Ramil Hümbətovun məşğul olduğunu, ərizəni də Markdan Ramil alaraq mənə verdi".

İ.Əliyev söyləyib ki, bundan sonra E.Quliyevə məruzə edib razılığını alıb, Maqsud Mahmudovu MTN-nə dəvət etməsini A.Mehdiyevə tapşırıb: "Azər Mehdiyev Maqsudu MTN-nə dəvət etdikdən sonra xidməti otağında ona hədə qorxu gəlib: “Bir qədər sonra Azər yanıma gələrək Maqsudun 50 min ABŞ dolları məbləğində pul vermək istəməsini bildirdi. Mən də bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev isə 50 min ABŞ dollarının az olduğunu, Maqsudun 200 min ABŞ dolları verməsini dedi. Bu barədə də Azərə söylədim. Sonra Azər yenidən yanıma gələrək Maqsudun 150 min ABŞ dollarından artıq pul verə bilməyəcəyini bildirdi. Bu barədə Elçin Quliyevə məruzə etdim. O da mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min ABŞ dolları verə biləcəyini qetd etdi. Sabiq nazir də razılıq verərək Maqsudun MTN-dən çıxmasına icazə verdi. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə verdi".

O qeyd edib ki, təxminən iki ay müddətində Maqsud Mahmudov hissə-hissə cəmi 120 min ABŞ dolları məbləğində pulu A.Mehdiyevə verib: "Mən Elçin Quliyevə, o da sabiq nazirə məruzə etdi. Sabiq nazir isə həmin puldan 70 min ABŞ dolları məbləğində pulu köməkçisi Vüqar Mahmudova verməsini, qalan 50 min ABŞ dollarını isə baş idarə daxilində bölməsini bildirdi. Elçin Quliyev də 70 min ABŞ dollarını sabiq nazirin köməkçisi Vüqar Mahmudova göndərdi, 20 min ABŞ dollarını özü götürdü, 10 min ABŞ dollarını mənə, 10 min ABŞ dollarını bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova və qalan 10 min ABŞ dollarını isə ərizəçi Mark Şamilova verməsi üçün Ramil Hümbətova verdi”.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

İ.Əliyevin intihar etməsi ilə bağlı onun barəsində olan cinayət təqibinə xitam verilib.