“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mayın 3-də Qaradağ rayonunda davam edib. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mayın 3-də Qaradağ rayonunda davam edib.

“Bakı-2017”nin su festivalı Qaradağda - Foto

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mayın 3-də Qaradağ rayonunda davam edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, axşam saatlarında Lökbatandakı Heydər Parkında keçirilən möhtəşəm su festivalını minlərlə sakin izləyib.

Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilib. Bildirilib ki, 50-dən çox İslam ölkəsindən olan üç mindən çox atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaqlar. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.

Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna nəzər salınıb.

Görüntüləri izlədikdən sonra Masazır gölündən doldurulmuş su qabını daşıyan boks üzrə dünya çempionatının qalibi Fərhad Acalov, rayon sakini, şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı səhnəyə dəvət olunublar.

“Mirvari”, “Azərbaycan ritmləri” rəqs qruplarının, müğənnilər Aşıq Samirin və Aşıq Əlinin çıxışları tamaşaçılara xoş ovqat bəxş edib. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.

Rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağının Qaradağ olmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi son illər böyük uğurlar qazanan ölkəmizin daha bir möhtəşəm nailiyyətidir. Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirərək özünün zəngin multikulturalizm və tolerantlıq ənənələrini təkcə İslam aləmində deyil, bütün dünyada geniş təbliğ edəcək. “Bakı-2017”nin Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağının bizim rayonumuz olması hər bir qaradağlı üçün qürurvericidir”.

Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı mayın 5-də Sumqayıt olacaq.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qaradağ rayonu mərhələsinə mayın 3-də Masazır gölündən suyun götürülməsi ilə start verilib.

Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”dən biridir. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur.

Karate üzrə dünya və Avropa çempionatlarının qızıl medalçısı Sədi Namazov, boks üzrə dünya çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov, şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Masazır gölünün suyu ilə dolduraraq Qaradağ rayonunda keçiriləcək su festivalına yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

image description image description image description image description