Bakı metropoliteni üçün mühüm yenilik

“Nərimanov” elektrik deposunda Bakı metropoliteni üçün ən mühüm yeniliklərdən birinə çevriləcək qatarların əsaslı təmiri sahəsinin inşası sürətlə davam etdirilir.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki,

bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, qatarların əsaslı təmiri sahəsi metropoliten üçün əhəmiyyətli məsələyə çevrilib. Çünki bu tip təmirə ehtiyac artmaqdadır. 2013-2015-ci illərdə Bakı metropoliteninin 6 qatarının Moskva Elektrik Qatarların Təmiri Zavodunun Tbilisidəki filialında əsaslı təmiri ilə bağlı iqtisadi araşdırma aparan “Bakı Metropoliteni” QSC rəhbərliyi qatarların əsaslı təmirinin yerli şəraitdə təşkilinin daha böyük səmərə və daha keyfiyyətli təmir prosesini qurmağa imkan verəcək yeni sahənin inşası ilə bağlı qərar verib.

N.Paşayevin sözlərinə görə, artıq sahəsinin metal konstruksiyasının sendviç panellərlə örtülməsi tamamlanmaq üzrədir. Layihə üzrə əmək şəraitinin maksimal tələblərinə cavab verən iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqların inşasında əsas mərhələ qarşıdadır. Binanın tavanında müvafiq havalandırma kanalları qoyularaq avadanlıqların quraşdırılması üçün hazır vəziyyətə gətirilib.

N.Paşayev qeyd edib ki, döşəmənin betonlanması yekunlaşıb, sahələr arasında arakəsmələr inşa olunub, müvafiq qovşaqlar qurulub. Sahədaxili dəmiryolları, texniki tələblər nəzərə alınmaqla, xüsusi layihə əsasında çəkilib. Deponun park yollarından dəmiryol xətlərinin çəkilməsi məqsədilə yoldəyişdirici qurğular quraşdırılıb və sex yollarına birləşdirməyə hazır vəziyyətə gətirilib.

“N.Paşayev bildirib ki, yaxın vaxtlarda sahədə müvafiq işçi avadanlıqların və iş şəraitinin qurulmasına başlanılacaq. Görüləcək işin xüsusiyyətləri nəzərə alınaraq, sahədə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılacaq. Müasir standartların tətbiqi məqsədilə yüksək manevrli arabacıqların, qaldırıcı və çoxfunksiyalı daşıyıcı qurğuların, eləcə də digər maşın və mexanizmlərin tətbiqi nəzərdə tutulub.

Onun sözlərinə görə, qatarların əsaslı təmiri sahəsi ən müasir tələblərə cavab verməklə, metropoliten tarixində irimiqyaslı yenilik olacaq. Yeni sahəsi elə ilk günlərdən ən yüksək peşəkarlıq standartlarının tətbiqi ilə fəaliyyətə başlayacaq. 2014-cü ildən bu istiqamətdə tədbirli fəaliyyət proqramı həyata keçirilir. İlk tədbirlər vaqonların korroziyadan təmizlənməsi və rənglənməsi olub. Ardınca vaqon salonlarının yenilənməsi də uğurla tətbiq edilib. Daha sonra vaqonların elektrik xətləri, işıqlanma şəbəkəsi, döşəməsi, oturacaqların yenilənməsi yerinə yetirilib. Xüsusi əhəmiyyət kəsb edən maşinist kabinəsinin ön hissəsinin uğurla dəyişdirilməsi və bir sıra digər yeniliklər vaqonların yerli şəraitdə modernləşdirilməsi üçün imkan və potensialı da əyani nümayiş etdirib.

N.Paşayev qeyd edib ki, bu addımlar qatarların ölkə xaricində təmirinə çəkilən xərclərə külli miqdarda qənaət edilməsinə, təmirin keyfiyyətinə zəmanəti təmin edir. Yeni sahə iş yerlərinin yaradılmasını, səriştəli kadrların hazırlanmasını sürətləndirəcək. Bu sahə inşa olunacaq yeni əsaslı təmir depoları üçün kadr hazırlığına təkan olacaq, həmçinin vaqon təmiri və istehsalı sahəsində elmi potensial üçün stimul verəcək.