“Tanış olduqdan bir ay sonra evlənənlərin 30 faizi...”

"İl ərzində məişət zorakılığı ilə bağlı 800-900 cinayət işinin olması bu sahədə problemin aktuallığını göstərir".

Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, bu gün Azərbaycan ailələrində boşanmaların əsas səbəbi ailə daxilində məişət zorakılığı hallarının çox olmasıdır.

Azərbaycanda boşanmaların 20 faizdən çox olmasının qəbuledilməz rəqəm olduğunu deyən qurum rəsmisi, bu ilin birinci rübündə bu halın müşahidə olunduğunu deyib.

Komitə rəsmisi, boşanmaya təsir göstərən digər ciddi bir amilə də toxunub ki, bu da tanış olan cütlüklərin bir-birini tanımadan tələsik evlənməsidir: "Tanış olduqdan bir neçə ay sonra evlənənlərin boşanma prosesi də çox tez olur. Bu cür nikahların 30 faizi boşanma ilə nəticələnir. Məişət zorakılığından sonra boşanmaya təsir edən ikinci amil budur. Bir-birinin məişətini bilmədən bir-birilərini yaxşı tanımadan, hansı xəstəliklərinin olmasından xəbər tutmadan evlənirlər. Cütlüklərin tanışlıq müddəti ən azı bir il davam etsə, nəticə daha müsbət olar".

Məişət zorakılğı ilə bağlı Tədbirlər Planı layihəsinin hazırlandığını deyən Komitə rəsmisi, Milli Fəaliyyət Planının bu ilin sonuna kimi qəbul edilməsini gözlədiklərini bildirib: "Tədbirlər Planı bu il qəbul olunsa, 2018-də artıq icrasına başlanılacaq. Buna nail olsaq, məişət zorakılığına qarşı preventiv tədbirlərin sayı çoxalar, yeni mexanizmlərin tətbiqi, olanların təkmilləşdirilməsi prosesi gedər. Azərbaycan ailəsinə xaricdən təhdidlər çoxalır. Bizdə seçim kimi boşanma yox idi. Amma bu gün boşanma seçimə çevrilib. Qadınların öz seçim hüququnu bilməsi müsbət hal olsa da, boşanmaların sayında artım yaranır".