Azərbaycanda sümük iliyi transplantasiyası həyata keçiriləcək - Qohum olmayanlardan

“Milli Məclisin payız sessiyasında sümük iliyi transplantasiyası üçün qeyri-qohum donorların cəlb olunması barədə qanunun qəbul edilməsi gözlənilir. Bununla bağlı Respublika Talassemiya Mərkəzi müvafiq orqanlara müraciət edib”.

APA-nın xəbərinə görə, bunu Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkədə qeyri-qohumlardan sümük iliyi transplantasiyanın aparılması üçün qanunvericilikdə müəyyən dəyişiklər olmalıdır: “Daha doğrusu Milli Məclis tərəfindən ayrıca qanun qəbul edilməlidir. Mərkəz ötən ildən Avropa Talassemiya Federasiyanın həqiqi üzvüdür. Lakin Azərbaycanın qanunvericiliyində qeyri-qohumlardan alınan sümük iliyinin xaricdən gətirilməsi mümkün olmadığından nə donor cəlb edə bilirik, nə də özümüz harasa donor verə bilirik. Bu il məsələ həllini tapmalıdır. Milli Məclisin yaz sessiyasında ölkəyə buynuz qişanın xaricdən gətirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Gözləyirik ki, payız sessiyasında sümük iliyi transplantasiyası üçün qeyri-qohum donorların cəlb olunması barədə qanun qəbul ediləcək. Qanunvericilikdə donor mübadiləsi öz əksini tapandan sonra artıq Azərbaycanda qeyri-qohumlardan sümük iliyi transplantasiyası həyata keçiriləcək”.

Mərkəz direktoru qeyd edib ki, bu qanun sümük iliyi transplantasiyası üçün sümük iliyinin, eləcə də digər orqanların - qaraciyər və böyrəyin respublikaya həm daxil, həm də xaric olunmasına şamil edilə bilər. Onun sözlərinə görə, indiyə qədər olan əməliyyatlara qədər müayinə, əməliyyatın özü və ondan sonrakı lazımi müalicələr dövlət hesabına aparılır. C.Məmmədov qeyd edib ki, qanunvericilikdə qeyri-qohum transplantasiyasının dövlət hesabına olacağı qeyd edilərsə, bu əməliyyatlar Azərbaycan vətəndaşları üçün pulsuz aparılacaq.

Bu il mərkəzin Sümük iliyi transplantasiyası şöbəsində 9 xəstəyə sümük iliyinin köçürüldüyünü deyən mərkəz direktoru vurğulayıb ki, ümumilikdə, 2014-cü ildən indiyədək 51 xəstədə sümük iliyi transplantasiyası həyata keçirilib: “Talassemiya xəstəliyindən əziyyət çəkən bütün xəstələrin əməliyyata ehtiyacı var. Amma buna baxmayaraq onların hamısını əməliyyata götürmək mümkün olmur. Burada müəyyən nüanslar var”.

Bununla bağlı səbəbləri açıqlayan Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva bildirib ki, çox zaman əməliyyat olunmaq üçün müraciət edən xəstələrin çoxu bacı-qardaş olmur, əməliyyatın həyata keçirilməsi üçün xəstə və donorun bacı-qardaş olması şərtdir: “Bu gün mərkəzdə ancaq qohum olanların əməliyyatları həyata keçirilir. Mərkəzdə qeydiyyatda olan 2900-dən çox xəstənin yalnız 300-400-də bacı-qardaş uyğunluğu olub. Digər səbəb isə odur ki, uzun müddət qan vurulan xəstələrin qaraciyər və ürəyində müəyyən problemlər yaranır. Bununla əlaqədar olaraq bir müddət müalicə olunduqdan sonra onların sümük iliyi transplantasiyana uyğun olub-olmadıqlarına qərar verilir. Mərkəzdə il ərzində 20-21 sümük iliyi transplantasiyası həyata keçirə bilir. Burdan artığına gücümüz çatmır”.