Nazir əlilliklə bağlı bu halları bisavadlıq adlandırdı

"Əlilliklə bağlı göndərişlərin elektron formada verilməsinə keçildikdən sonra tibbi-sosial ekspert komissiyalarına 21 minə qədər göndərişlə müraciət edilib".

APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyevdeyib. O bildirib ki, onlardan cəmi 8519 nəfərə əlillik verilib. O, istər 8 248 göndərişdən imtina olunmasını, istərsə də 3 159 göndərişin düzgün doldurulmadığı üçün geri qaytarılmasını bu sahədə çalışan tibb mütəxəssisləri üçün mənfi hal kimi qiymətləndirib.

“Forma-088”in həkim, şöbə müdiri, baş həkim tərəfindən düzgün doldurulmamasını “bisavadlıq” adlandıran nazir qeyd edib ki, bəzən düzgün yazılmadığına görə geri qaytarılan göndərişi növbəti dəfə səhv yazıb göndərirlər, hətta bu hal bir neçə dəfə təkrarlanır: “Səhiyyə Nazirliyinə daxil olan şikayətlərin araşdırılması zamanı vətəndaşlardan əksər hallarda tibb müəssisələri və tibbi-sosial ekspert komissiyaları tərəfindən Bakı şəhərinin klinik xəstəxanalarından stasionar müalicə barədə epikrizlərin tələb edilməsi halları müşahidə olunub. Əhalinin bu işdə rahatlığının təminatı, həmçinin, Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsini məqsədəuyğun saydıq. Əgər əvvəl bir nəfər ekspertiza ilə məşğul olurdusa, məsuliyyəti artırmaq üçün səlahiyyəti baş həkimlərə verdik. Bunu etdik ki, qarşıya çıxan problemlər aradan qalxsın, xəstələr rayonlardan Bakıya göndərilməsin, kim həqiqətən xəstədirsə, əli, ayağı, gözü yoxdursa, süründürməçiliklə rastlaşmasın, yaşadığı yerdə müayinədən keçsin və göndəriş alsın. Digər tərəfdən, əlil olmayan adam da əbəs yerə rayondan şəhər xəstəxanasına göndərilməsin. Bu problemləri aradan qaldırdıq. Bəs nəticə nə oldu?! Rəqəmlər artdı. Doğrudur, rayonlar arasında iqlim, iş şəraiti və s. cəhətdən müxtəlifliyə görə orta əlillik göstəriciləri arasında müəyyən fərqlər ola bilər. Amma bir rayonun əlillik göstəricisi ölkə üzrə orta göstəricidən 7-8 dəfə artıq ola bilməz”.

Səhiyyə naziri deyib ki, əlliliyin verilməsi ilə bağlı bütün məsuliyyət səhiyyənin üzərindədir. O, tibb müəssisələrinin rəhbərlərinə öz işlərinə məsuliyyətlə yanaşmağı tapşırıb, Səhiyyə Nazirliyinin mütəxəssislərinin də əlilliklə bağlı məsələlərə daha ciddi nəzarət edəcəklərini bildirib.

AzNews.az