Pulsuz Wi-Fi-nin əhatə dairəsi genişləndirilib

Bu gündən etibarən, Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonasını, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz wifi xidmətindən faydalana bilərlər.

Bu barədə AzNews.az-a Nazirlikdən məlumat verilib.

“Baktelecom” “Baku loves you” brendi adı altında təqdim olunan layihə çərçivəsində mütəmadi olaraq yeniləmə və təkmilləşdirmə işləri aparır. Yaxın zamanlarda istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.

Hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”-la yanaşı, bəzi ərazilərdə “Baku loves you” adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək və pulsuz internetdən istifadə etmək mümkündür.

“Dənizkənarı Milli Park” və “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində istismara verildiyi gündən indiyədək artıq 150 minə qədər istifadəçi pulsuz internet xidmətindən yararlanıb. Əhalinin marağını və yay mövsümü ilə əlaqədar daha çox istifadəçinin şəbəkəyə qoşulacağını nəzərə alaraq, bu göstəricinin hər həftə sürətlə artacağı istisna edilmir.

Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilər də daxil olmaqla quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.