Dəmiryolunda sərnişin sıxlığı yaranıb

Sərnişin qatarlarından istifadə edənlərin sayı artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstandan tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. Bu səbəbdən də may ayının 1-dən etibarən sərnişin qatarlarında sıxlıq müşahidə olunur.

Bildirilir ki, ölkə daxilində hərəkət edən sərnişin qatarlarından adi günlərdə 2000-2500 sərnişin istifadə edirdisə, son günlər bu rəqəm müvafiq olaraq 3000-3500 təşkil edir. Eyni zamanda, Bakı-Tbilisi-Bakı sürət qatarında sərnişin sayı adi günlərə nisbətən 10-15 faiz artıb.

Sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən qatarlara hər gün tələb olunan sayda əlavə vaqonun qoşulması təmin edilir.