Bu gün açılış mərasimi ilə başlayacaq IV İslam Oyunlarına "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb. Bu gün açılış mərasimi ilə başlayacaq IV İslam Oyunlarına "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

Metropoliten gücləndirilmiş iş rejimində çalışacaq - İslamiada ilə bağlı

Bu gün açılış mərasimi ilə başlayacaq IV İslam Oyunlarına "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

AzNews.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, olimpiya miqyaslı bu tədbirin ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, tədbirlər planında sərnişinlərin metropolitendən tam rahat və təhlükəsiz istifadəsi ilə yanaşı, bir sıra başqa əhəmiyyətli yeniliklər də nəzərə alınıb. Məqsəd, həm də qonaqların paytaxtımız haqqında müfəssəl məlumat alması, mədəni-sosial mühitimizlə yaxından tanış olması üçün onlara ən münbit şəraiti yaratmaqdır.

Bu məqsədlə sərnişinlərə paytaxtımızdakı idman və sosial-mədəni obyektlərin göstəricisi olan xəritə hazırlanıb. Bundan savayı, xüsusi yaddaş kitabçaları da əcnəbi qonaqlara paylanacaq. Təbliğat xarakterli bu aksiyanın daha geniş xarakter alması üçün onların əcnəbilərə təqdim edilməsi məqsədilə şəhərin ən iri ticarət mərkəzlərinə, mehmanxanalarına da təqdim olunub.

İslam Oyunlarının ab-havasının yaradılması məqsədilə stansiyalarda xüsusi plakat və bannerlər yerləşdirilib. Ölkəmizin idmançıları da yaddan çıxarılmayıb. Onları ruhlandırmaq, əhalinin onlara dəstəyini artırmaq məqsədilə "Millimizə dəstək olaq!" aksiyası çərçivəsində stansiyalardakı monitorlarda müvafiq tematik slaydlar nümayiş etdirilir. "Bakı-2015" Avropa Oyunları ilə müqayisədə bu aksiya daha geniş miqyasda və daha çox stansiyada təbliğ edilir.

Yarışların keçiriləcəyi arenaların yaxınlığında yerləşən stansiyalarda sərnişinlərin, xüsusən də əcnəbilərin səmti asanlıqla müəyyən etməsi üçün Azərbaycan və ingilis dillərində məlumat lövhələri yerləşdirilib.
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi Avropa Oyunlarının təcrübəsinin faydasını nəzərə alaraq, bu dəfə də könüllülərin xidmətindən istifadə edəcək. Xəbər verdiyimiz kimi, könüllülər idman yarışlarının keçirildiyi arenalara yaxın və şəhərin mərkəzini əhatə edən stansiyalarda üzərində "Ask me" yazılmış xüsusi geyimlərlə qonaqlara xidmət göstərirlər.

Bakı Metropoliteni İslam Oyunları müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Metropoliten açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlər gecə saat 2-yə, qalan günlər isə saat 1-ə qədər sərnişinləri mənzil başına çatdıracaq. Sərnişin axınından asılı olaraq, bu qrafik uzadıla da bilər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış və bağlanış mərasimləri, həmçinin yarış günlərində sərnişin axınının mümkün istiqamətləri təhlil edilərək, qatarların metropolitendə xüsusi hərəkət qrafiki hazırlanıb.

Açılış və bağlanış mərasimləri müddətində sərnişin rahatlığı və təhlükəsizliyi ilə bağlı xüsusi addımlar atılıb. Hər iki mərasim başa çatdıqdan sonra qatarların hərəkət cədvəli metropolitendə gur saatlarda tətbiq edilən hərəkət qrafikinə uyğun olacaq. Qrafikə uyğun olaraq, stansiyada qatarların hərəkət intervalı 2 dəqiqəyə bərabər olacaq. Lakin zərurət yaranarsa, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə tutulub. Bu isə qatarların sayının artırılaraq, intervalın bir qədər də azaldılmasına və sərnişinlərin daşınma rahatlığının və təhlükəsizliyinin optimal həddə çatdırılmasına imkan verəcək. Hər iki mərasimin başa çatdığı vaxt metropolitendə sərnişin axınının miqyası, qatarların sərnişin tutumu imkanları, xüsusi gücləndirilmiş iş rejimi şəraitində stansiyanın sərnişin-buraxıcılıq qabiliiyyəti nəzərə alınmaqla, metropolitenin bu işin öhdəsindən layiqincə gələcəyi şübhə doğurmur.

Müvafiq dövlət strukturları, eləcə də "Bakı-2017" İslam Oyunlarının Əməliyyat Komitəsi ilə razılaşdırılmış qaydada, açılış və bağlanış mərasimlərindən sonra sərnişinlərin Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsində də yenilik var. Mərasimlərdən sonra sərnişinlərin stansiyaya "Alov" parkı istiqamətindən daxil olacağını nəzərə alaraq, burada birtərəfli gediş təşkil ediləcək və bu səmtə doğru sərnişin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Bu, «Alov» parkına doğru keçiddən istifadə etmək istəyən sərnişinlərin təhlükəsizliyi məqsədilə atılmış addımdır. "Alov" parkına doğru keçmək istəyən sərnişinlər stansiya yaxınlığında yerləşən "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər istiqamətində hərəkət edən avtobusların xidmətindən istifadə edib əks tərəfə keçə biləcəklər. Qalan bütün istiqamətlərdə sərnişinlərin stansiyaya giriş-çıxışı, həmçinin keçidlərdən istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq.

Onu da əlavə edək ki, açılış və bağlanış günlərində bileti olan sərnişinlərin, həmçinin akkreditə olunmuş şəxslərin stansiyadan pulsuz istifadə etməsində, sərnişinlərin mərasimlərdən sonra stansiyaya daxil olmasında hər hansı problem müşahidə olunmayacaq.

Tədbirlər planına uyğun olaraq, "Koroğlu" stansiyasında operativ qərargah fəaliyyət göstərməyə başlayıb. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsi, hərəkətin tənzimlənməsi və digər vacib qərarların verilməsinin təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Stansiyada tibb məntəqəsinin və digər müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Həmçinin digər stansiyalarda da gücləndirilən iş rejimi qaydasında metropolitenin müvafiq rəhbər, mütəxəssis və işçi heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək və onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. "Koroğlu" stansiyası ilə yanaşı, Bakı Olimpiya Stadionundan hərəkət edəcək yerüstü ictimai nəqliyyatın mübadilə mərkəzləri kimi seçilmiş "Qara Qarayev", "Gənclik" və "Sahil" stansiyalarında hərəkətin təşkil edilməsi üzrə təcrübəli mütəxəssislər də daxil olmaqla, xüsusi mərkəzlər fəaliyyətdə olacaq. Çünki həmin istiqamətlərdə də hərəkət edən sərnişinlərin böyük əksəriyyəti potensial olaraq, yenidən metropolitenin xidmətindən istifadə edəcək.

image description image description