Rusiya məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edə bilər

Bu il mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

APA-nın Rusiyadakı mənbələrdən əldə etdiyi məlumata görə, məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl APA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib: "Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb.

Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib".

Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

Azərbaycanda isə ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə iddiası etiraza səbəb olub. Diaspor təşkilatları, ictimai-siyasi xadimlər, millət vəkilləri bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildiriblər.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

AzNews.az