Bakı metrosunda ventilyasiya yay qrafikinə keçdi

Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib.

AzNews.az xəbər verir mki, bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib.

Tədbirlər planına uyğun olaraq stansiyalarda və tunellərdə orta temperatur, rütubət, havanın tərkibindəki tozluluq normalar çərçivəsinə gətirilib. Ötən ilin yay mövsümünün nəticələri də öyrənilərək yeniliklərin tətbiqi üzərində iş daha da dərinləşdirilib. Cari ilin yay mövsümünə hazırlıq dövründə ventilyatorların daha səmərəli iş rejimində işlədilməsinin potensialından istifadə olunması üçün bu ildə tərtib edilmiş qrafik bir qədər də təkmilləşdirildi. Eyni zamanda, metropolitendə tətbiqi genişləndirilməkdə olan müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək, bütün aidiyyəti sahələrin işlərinə uyğun texnoloji prosesləri səmərəli qurmaq məqsədilə qrafik xüsusi elektron şəbəkədə yerləşdirilir.

Yeni yay qrafiki ilə bağlı görülən işlər sırasında stansiyalarda təbii hava axınının intensivliyinə xüsusi diqqət ayrılıb. Təbii hava axını yenidən öyrənilib və uyğun ventilyasiya rejimi tətbiq edilib, bu da stansiyalarda mikroiqlim şəraitinin, o cümlədən ventilyasiya sisteminin daha da yaxşılaşdırılmasına xidmət edir. Digər tərəfdən havanın mikroiqlim parametrlərinin öyrənilməsi və ölçülməsi konkret yerlərdə müvafiq iş rejiminin tətbiq olunması barədə nəticələr əldə etməyə imkan verib. Bu işlərlə yanaşı, istismar müddəti başa çatmış və yeni rejimi təmin etməyə qadir olmayan bir sıra ventilyatorlar yeniləri ilə əvəz edilib.

Metropolitendə münasib hava şəraitinin yaradılması, həm də stansiya və tunellərin təmizliyindən də asılıdır. Bunun üçün tunellərin yuyulma üsullarında dəyişikliklər edilib.

Onu da əlavə edək ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində stansiya və tunellərdə havanın mikroiqlim parametrləri ilə bağlı bir daha monitorinq keçirilib. Buna əsasən yarışların keçiriləcəyi və şəhər mərkəzinə yaxın stansiyalarda sərnişin axınının daha sıx və gur olması nəzərə alınaraq, stansiyaların iqlim şəratinin normativlər çərçivəsində saxlanılması xüsusi nəzarət altına götürülüb və ventilyatorların işi normaya uyğunlaşdırılıb.