Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu - Foto

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa Komissiyasının təşkilatçılığı ilə reallaşan “EU4Business” adlı beynəlxalq toplantıda çıxış edib.

AzNews.az xəbər verir ki, bu tədbirdə tərəfdaş ölkələrdən yüksək səviyyəli rəsmilər, müxtəlif təşkilatlardan nümayəndələr iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışı zamanı kiçik və orta sahibkarlığın maliyyə çıxışı, innovativ inkişafı və qloballaşması barədə danışıb. O, Azərbaycanda yeni yaradılan Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, bu təşəbbüs Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Vüsal Qasımlının təqdimatı tədbir iştirakçılarının marağına səbəb olub və Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılmasını müsbət hal hesab edilib. Onların qənaətinə görə, Rəqəmsal Ticarət Qovşağı elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq.

Qeyd edək ki, “EU4Business” təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının kiçik və orta sahibkarlığa dəstəyini ehtiva edir. Bu təşəbbüsə kiçik və orta sahibkarlığın inkişafına xidmət edən 27 regional və ikitərəfli layihə, 6 milli hökümətin biznesə dəstək təşkilatları daxildir.