- Köhnə - Cəmiyyət
- 26 May 2017 20:11
- 3 815
Zığ-Əmircan yolu yenidən qurulur
Ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən vətəndaşların rahat gediş–gəlişini təmin etmək üçün bütün ölkə boyu kompleks tədbirlər həyata keçirilir.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, həmin tapşırıqlara uyğun olaraq “Azəravtoyol” ASC Suraxanı rayonunda iki yol layihəsi icra edir. Rayonun Qaraçuxur qəsəbəsi, Etibar Bəkirov küçəsi və Zığ-Əmircan avtomobil yolunun 2,7 kilometrlik hissəsi əsaslı şəkildə yenidən qurulur.
Təmir işlərinin bir hissəsi Qaraçuxur qəsəbəsindəki yolun İlqar Musayev küçəsi ilə kəsişməsinin 1,9 kilometrlik hissəsində aparılır. Təmir-tikinti işləri nəticəsində yolun 1,4 kilometrlik hərəkət hissəsinin eni 9, qalan 500 metrlik hissəsinin isə eni 12 metrə çatdırılacaq. Hazırda qazılmış və genişləndirilmiş yola karbonat materialı tökülərək kipləşdirmə işləri aparılır.
Yolun asfaltlanma işləri başa çatandan sonra 20 min kvadratmetr sahəyə ikiqat asfalt-beton örtüyü döşənəcək. E. Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 metr enində piyada səkiləri inşa ediləcək, yağış sularını ötürmək üçün 7 ədəd barmaqlıq, 6 yerdə yolun altından dəmir-beton borular qoyulacaq, həmçinin hərəkətin normal təşkili üçün 55 ədəd yol nişanı və məlumatverici lövhələr vurulacaq.
Rayonda həyata keçirilən digər layihə isə Zığ-Əmircan avtomobil yolunun Yeni Suraxanı- Qaraçuxur hissəsində aparılır. Burada aparılan təmir işlərindən sonra yolun hərəkət hissəsinin eni 9, hər iki istiqamət üzrə çiyinlərin eni 1,5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edəcək. Yolun yaşayış məntəqələrindən keçən hissəsində 1,5 metr enində yeni piyada səkiləri, 9 yerdə dəmir-beton boru və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidlər tikiləcək, 10 ədəd yağış barmaqlıqları qoyulacaq, 15 ədəd yeraltı kommunikasiya xətlərinin başlıqları dəyişdiriləcək, 80 ədəd yol nişanı və məlumat lövhələri vurulacaq.