Dini icma ARDNŞ-ni məhkəməyə verib

"Mədh kilsəsi" dini icması Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneftyağ" Neft Emalı Zavoduna qarşı kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, kassasiya şikayəti əsasında məhkəmə prosesi fevralın 13-də keçiriləcək.

Qeyd edək ki, dini icma əmlakın bazar dəyərinin ödənilməsi və kompensasiyanın alınması tələbi ilə əvvəlcə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Apellyasiya şikayəti də təmin olunmadığından qərardan kassasiya şikayəti verilib.

Azərbaycanda fəaliyyət göstərən "Mədh Kilsəsi" Dini İcması "Azərneftyağ" Neft Emalı Zavoduna məxsus ərazidə (Xətai rayonu, Süleyman Vəzirov küçəsi-6) 28 sot yer icarəyə götürüb. Lakin sonradan 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi həmin ərazinin 9 sotunun dini icmadan alınması barədə qərar çıxarıb. Həmin 9 sot ərazidə birmərtəbəli bina da olub. Dini icmanın nümayəndələri həmin 5-6 otaqdan ibarət binada məskunlaşıb. Otaqlardan biri iri zal olub. Orada dini icmanın tədbirləri keçirilib, dualar oxunub. Digər otaqlar da müxtəlif məqsədlər üçün istifadə olunub. Məhkəmə qərarı icra olunduqdan sonra dini icmaya məxsus əşyalar binadan çıxarılıb.

Dini icma 1999-cu ildə Azərbaycan Ədliyyə Nazirliyi, 2002-ci ildə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb.

AzNews.az