Əkrəm Əylisliyə Ermənistanda ad verildi-CƏNGAVƏR

"Levon Anonyanın əlindən qələmini ala bilmərəm ki, mənim haqqımda nə isə yazmasın. Məni cəngavər adlandırması da onun öz işidi". Bu sözləri yazıçı Əkrəm Əylisli ona tərif dolu məqalə həsr edən Ermənistan Yazıçılar Birliyinin sədri Levon Anonyanın fikirlərinə münasibət bildirərkən deyib.

Bu barədə "Həftə-içi.az"ın suallarını cavablandıran yazıçı, ermənilərin onun haqqında yazdıqları məqalələrdən bir neçəsini oxuduğunu deyir:

"BBC-nin erməni əməkdaşı, jurnalist Aleksey Manvelyanın haqqımda yazdıqlarını oxumuşam. O, xalqlar dostluğunun tərəfdarı olan biridir. Onun bizimlə düşmənçiliyi də yoxdur. Erməni jurnalist məni tənqid etmir. "Daş yuxular" haqda fikirlərini bildirib. Yazıçı Qrant Mativasyanla da o vaxtlar dostluq etmişik. Sovet hakimiyyəti dağılandan sonra heç görüşməmişik. Onun da bizimlə heç bir düşmənçiliyi olmayıb. Levon Anonyanı isə tanımıram. Mənim haqqımda nə yazıb, məlumatım da yoxdu. Gedib əlindən qələmini alım ki, ay Levon yazma?!".

"Əkrəm Əylisliyə Ermənistan Yazıçılar Birliyindən üzvlüklə bağlı təklif gələrsə, nə edəcəksiniz?" - sualına belə cavab verdi: "Dəli deyiləm ki?! Mən 20 ildir ki, Azərbaycan Yazıçılar Birliyinə getmirəm. Ermənistan Yazıçılar Birliyinə üzv olacağam?".

Kitablarının kütləvi halda yandırılmasına da münasibətini bildirən yazıçı, bunu kitablara qarşı hörmətsizlik kimi qarşılayır: "Mübahisələrə səbəb mənim hansı romanımdırsa, onu yandırın. Bu günə qədər yazdığım kitabların, əsərlərin nə günahı vardı ki?".

O qeyd edir ki, insanlar kitabları yandırmaqla həm də özlərini yandırırlar.

Qeyd edək ki, Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan "Azadlıq" radiosunun Ermənistan xidmətinə müsahibəsində "Daş yuxular" romanını "Sabaha aparan yol" adlandırıb.

O, yazısında qeyd edir ki, Əylislinin bu roman vasitəsilə demək istədiyi sözlər Azərbaycan xalqının ürəyinin dərinliyində yatan sözlərdir.

Ananyanın fikrincə, "Əkrəm Ermənistan-Azərbaycan arasında dostluq körpüsü salan bir qəhrəmandır".

AzNews.az