Təkər alarkən bunlara diqqət etməlisiniz - Video

Təkər alarkən bir çox nüansa diqqət etmək lazımdır

AzNews.az ARB-yə istinadən xəbər verir ki, istənilən sürücünün başına təkərlərlə bağlı problemlər gələ bilər. Sürücülər bəzən keyfiyyətlərinə inanıb aldıqları təkərlərin onları yarı yolda qoyduqlarını bildirirlər.

Akif Muradov (usta) : "Təkərlər keyfiyyətsiz çıxıb parçalanır. Hətta yolların qıraqlarında belə görmək olur. Onların çoxu böyük maşınların olur".

Sürücü: "Bəli, yolda qalmışam. Çox olub. Sovet dövründə isə belə olmurdu, bu cür təkərlər buraxılmırdı. Hal-hazırda olan təkərlərin demək olar ki, hamısı zay şəkildədir".

Sürücü: "Bir neçə ay qabağ təkərlər aldım. 40 min km qarantiya verdilər, amma 15 min km gedən kimi təkərlər şişdi".

Sürücülər avtomobilin bəzi mexanizmləri kimi təkərləri də diqqətdə saxlamalıdırlar.

Şəmmət Eyvazov (usta) : "Sürücü hər 10 min km-dən bir təkərlərin yerini dəyişməlidir. Ayda bir dəfə isə onların balansını yoxlamalıdır. 5 ildən artıq olan təkərlərin satışı qadağandır".

Təkərlərin keyfiyyətli olub-olmamasını isə mütəxəssislə məsləhətləşmək lazımdır. Maşınların təkərləri köhnə olduğu zaman onu qəfil saxlayan zaman təhlükə yaranır. Bu cür təhlükələrə görə müəyyən cərimələr yaranır.

Tural Niftalıyev (Şəki DYPB-nın inspektoru) : "Hər bir sürücü bilməlidir ki, vaxtında dəyişilməlidir. Mövsümə uyğun dəyişilməli və nasazlıqlar aradan qaldırılmalıdır. Əks halda 50 manat cərimələnəcəklər".