İçərişəhərdə 59 ədəd patron tapılıb

Bu gün saat 09:30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Agentliyə Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, 1-ci Qəsr döngəsi 58 ünvanında 20-30 ədəd patronun aşkar olması barədə məlumat daxil olub.

ANAMA-dan AzNews.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə söküntü aparılan əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində tikinti qalıqları altından müxtəlif çaplı 59 ədəd patron (9 ədəd 7.62 mm-lik LPS, 5 ədəd 9 mm-lik ″Naqan″ markalı tapança patronu və 45 ədəd 11 mm-lik ″Smith & Wesson Revolver″ markalı tapança patronu) aşkar edilərək götürülüb.

Aşkar olunmuş patronların ətrafında 35 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.