Jurnalistlər üçün tikilən ikinci yaşayış binasının Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi, 255 media işçisinin mənzil sahibi olması cəmiyyətdə geniş əks-səda doğurub. Jurnalistlər üçün tikilən ikinci yaşayış binasının Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi, 255 media işçisinin mənzil sahibi olması cəmiyyətdə geniş əks-səda doğurub.

Mənzillə mükafatlandırılan media işçiləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

Jurnalistlər üçün tikilən ikinci yaşayış binasının Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi, 255 media işçisinin mənzil sahibi olması cəmiyyətdə geniş əks-səda doğurub.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu günlər redaksiyaların kollektivləri, yeni mənzilin sevincini yaşayan media işçiləri Prezidentə çoxsaylı təşəkkür məktubları ünvanlayırlar.

Bu məktublarda dövlətimizin başçısına istər mətbuatın inkişafı istiqamətində atdığı davamlı addımlara, istərsə də jurnalistlərə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıq duyğuları ifadə olunur.

Baş redaktor İntiqam Hümbətov “Mədəniyyət” qəzetinin kollektivi adından Prezidentə müraciətlə yazır: “Ümummilli lider Heydər Əliyevin ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da firavan günləri başlandı. Yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu Öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin qarşısında yeni üfüqlər açdı.

Zati-aliləri, bu gün Sizin rəhbərliyiniz və bilavasitə təşəbbüsünüzlə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində misilsiz işlər görülür. Bakı şəhərində jurnalistlər üçün çoxmərtəbəli yaşayış binalarının tikilib istifadəyə verilməsi Sizin mətbuata və media işçilərinə göstərdiyiniz yüksək diqqət və qayğının əyani tətbiqidir.

Möhtərəm Prezident, jurnalistlərin istifadəsinə verilən ikinci binadan “Mədəniyyət” qəzeti redaksiyasına da pay düşməsi kollektivimizdə böyük sevinc və ruh yüksəkliyi yaradıb. Bu sevinci bizlərə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Prezidentə minnətdarlıq məktubu ünvanlayan jurnalist kollektivləri arasında “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi də var. Yazıçı-publisist Yunus Oğuz rəhbəri olduğu bu media qurumlarının əməkdaşları adından yazdığı məktubda qeyd edir: “Zati-aliləri, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan diqqət və qayğının bariz nümunəsidir. Əminliklə demək olar ki, hələ dünyanın heç bir inkişaf etmiş ölkəsində mətbuata dövlət qayğısı Azərbaycanda olduğu həddə çatmayıb. Ona görə də Sizin bu qətiyyətli iradəniz bir çox dövlətlər üçün örnək hesab olunmalıdır.

Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, milli mətbuatın, eləcə də Azərbaycan dövlətinin inkişafı naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayırıq”.

Digər bir məktuba nəzər salaq. “Bakı” jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova yazır: “Jurnalistlər üçün inşa edilmiş yeni binada media işçisi kimi mənə də mənzil verdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirir, sevincimi ifadə etməyə söz tapmıram.

Sizin nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən media nümayəndələrinə daimi qayğınız və diqqətiniz çox qiymətli və əvəzolunmazdır.

Azad sözün və plüralizmin inkişafı istiqamətində atdığınız bütün addımları təqdir edir, doğma Azərbaycanımızın rifahı naminə Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə daha böyük uğurlar və nailiyyətlər arzulayıram”.

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, “Asiya-fakt” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, professor Qafar Çaxmaqlı minnətdarlıq məktubunda yazır ki, jurnalistlər üçün inşa olunan binadan onun da ailəsinə mənzil verilib: “Cənab Prezident, Sizin bu qayğınız yalnız 8 nəfərlik bir ailənin darısqallıqdan xilas olub genişliyə çıxması deyildir, bunun həm də çox böyük mənəvi dəyəri vardır.

Hörmətli Prezident, mətbuat işçiləri üçün inşa olunmuş binanın açılışında söylədiyiniz nitq məni hədsiz həyəcanlandırdı. Sevindim ki, bizim gələcək fəaliyyətimizi, strateji xəttimizi çox dəqiq müəyyənləşdirmiş bir liderimiz var. Dediyiniz kimi, biz uzun illər informasiya müharibəsində qonşularımızın şər-böhtanlarına məruz qalmışıq, dünyanın müxtəlif media məkanında lövbər saldıqlarından mübarizə edərkən qüvvələrimiz heç də bərabər səviyyədə olmamışdır. Bu gün isə artıq vəziyyət tədricən bizim xeyrimizə dəyişməkdədir. Xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edən bir jurnalist, alim kimi mən bunların şahidiyəm. Bu, Sizin apardığınız düzgün xarici siyasət nəticəsində mümkün olub.

Möhtərəm Prezident, bu sevinci bizlərə bəxş etdiyiniz üçün bir daha Sizə hədsiz minnətdarlığımı bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun!”

Dövlətimizin başçısının müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqamətində atdığı hər bir addımın təqdirəlayiq olduğunu bildirən Nahid Canbaxışlı isə qeyd edir ki, jurnalistlərin yeni mənzillərlə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərilən maddi dəstək mediaya olan diqqət və qayğının bariz nümunəsidir.

“Vətəninfo.az” İnformasiya Agentliyinin kollektivi adından ünvanlanan məktubda N.Canbaxışlı yazır: “Siz “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamı imzalamaqla bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti və diqqəti ortaya qoymuş oldunuz. Əminliklə bildiririk ki, Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan mətbuat orqanı olaraq, bundan sonra da Vətənimizin rifahı naminə var gücümüzlə çalışacağıq.

Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, milli mətbuatın, eləcə də Azərbaycan dövlətinin inkişafı naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayırıq”.

Jurnalistlər üçün inşa olunan ikinci binadan ev alanlar arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova da var. O sevinc və minnətdarlıq hisslərini belə ifadə edib: “Jurnalistlərin binasında dövlət qurumlarının mətbuat xidmətlərinə də mənzil ayrılması Sizin yüksək humanizminizin və diqqətinizin parlaq ifadəsidir. Bu nəcib təşəbbüs ulu öndər Heydər Əliyevin qurucusu olduğu və Sizin yüksək səviyyədə davam və inkişaf etdirdiyiniz milli dövlətçilik siyasəti sayəsində dünyada böyük nüfuz sahibi olan dövlətimizin jurnalistlərə, dövlət qulluqçularına, bütövlükdə cəmiyyətin hər bir üzvünə əvəzsiz ehtiramıdır.

Mən də çalışdığım kollektivin simasında mənzillə təmin edilən, bu xoşbəxtliyə sahib 255 ailədən biri olduğum üçün qürur duyuram. Bir Azərbaycan vətəndaşı olaraq çox xoşbəxtəm və fəxr edirəm ki, möhtərəm Prezidentimizin mükafatına layiq görülmüşəm. Bu hədiyyənin mənim üçün mənəvi dəyəri ölçüyə gəlməzdir.

Hörmətli cənab Prezident, ailəmizə bəxş etdiyiniz bu sevinc daim xatırlanacaq, hər zaman yaddaşımızda səmimi və fəxarətli duyğularla yaşayacaq.

Bu sevinci bizə yaşatdığınıza görə, Sizə bir daha dərin minnətdarlığımı bildirirəm”.

AzNews.az