"Tufandağ buzlağında ərimə prosesi sürətlənib" - Nazirlik

Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ekspedisiya nazirliyin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə avqustun 7-dən 14-dək Tufandağ buzlağını tədqiq etmək üçün həyata keçirilib.

3755 metr yüksəklikdə aparılan tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 20-22 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.
Nazirlikdən bildirilib ki, Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq qüvvəsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyillidir və əksər hallarda asılı şəkildə dayanır. Morfoloji tipinə görə Tufandağ buzlaqları kar və asılı buzlaqlardır.

Məlumata görə, iqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişməsində çox tez büruzə verir: "Başqa sözlə, buzlaqlar qlobal iqlim dəyişmələrinin əsas indikatorudur və bu dəyişmələri əyani görmək üçün unikal obyektlər, həmçinin şirin su ehtiyatlarıdır".

Xatırladaq ki, Azərbaycan ərazisində buzlaqların öyrənilməsinə ötən əsrin 30-cu illərindən başlanılıb. Bu illər ərzində təşkil olunan ekspedisiyalar nəticəsində ölkənin Böyük Qafqaz regionunda yerləşən buzlaqları tədqiq edilib. Lakin ötən əsrin 70-ci illərindən sonra Azərbaycan ərazisində buzlaqların öyrənilməsi tədricən dayandırılıb, köhnə ölçü işlərinin əksəriyyəti isə saxlanılmayıb.

Ölkədə buzlaqların öyrənilməsinin yeni dövrü 2009-cu ildən başlayıb. Belə ki, Prezident İlham Əliyevin 2008-ci ilin dekabrın 27-də imzaladığı “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında” sərəncamından sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil olunmağa başlanıb.

Qeyd edək ki, tədqiqatların məqsədi qlobal iqlim dəyişmələrinin – qlobal istiləşmənin Azərbaycandakı buzlaqlara və buzlaqlarla qidalanan çayların su ehtiyatlarına təsirinin qiymətləndirilməsidir. Buzlaqların dəyişmə dinamikasını müəyyənləşdirmək üçün oxşar tədqiqatlar hər il davam etdiriləcək və aparılan ekspedisiya işləri buzlaqların kütlə balansının hesablanmasına imkan verəcək.

Hazırda ərazidəki meteoroloji şərait Şahdağ, Tufandağ və Kabaşda quraşdırılan avtomat meteoroloji stansiyaların köməyi ilə müşahidə olunur.