1 tut ağacını kəsdi - Təbiətə 5700 manat ziyan vurdu + Foto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Sumqayıt şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşköküstə 70 sm diametrliyində 1 ədəd çoxillik tut ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı həmin ağacın Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Gülüstan Babayevanın göstərişi ilə kəsildiyi və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.