Əsəbini içinə atanlarda infarkt riski daha çox olur

"Ürək infarktı kişilərin xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkənlərin 85-i kişilər olur".

"Report" xəbər verir ki, bunu professor Mehmet Baltalı deyib.

İnfarktın ürəyi bəsləyən tac damarlarının tıxanması, hüceyrələrə qan getməməsi səbəbindən onların ölümü ilə baş verən bir proses olduğunu deyən professor, bu xəstəlikdən daha çox kişilərin əziyyət çəkdiyini bildirsə də, 65 yaşdan sonra qadınlarla kişilər arasında xəstələnmə göstəricisinin bərabərləşdiyini deyib: "İnfarkt yaşlıların xəstəliyidir. Çünki 15 yaşından başlayaraq damarlar qalınlaşmağa başlayır. Zamanla yığıntılar əmələ gəlir. Bunun üzərinə bir də qan laxtası əlavə olunursa, ürəkdə tıxanma yaranır. İnfarktı yaradan birinci risk amili siqaretdən istifadədir. İkinci kişi cinsinə sahib olmaq, üçüncüsü yaşlı olmaqdır. Xolestrolun, təzyiqin yüksək olması, şəkər xəstəliyi də risk yaradan amillərdəndir".

Son zamanlar infarkt keçirənlər arasında gənclərin sayının artdığını deyən professor, genetik amilə toxunub. O bildirib ki, gənclərin infarkt keçirmə səbəbləri arasında siqaret çəkməklə yanaşı, irsi amil də rol oynayır: "Atası 55, anası 65 yaşından tez infarkt keçirənlərdə risk olur. Stres amili də infarkt riski yaradır.
Hirsləndiyi zaman çığır-bağır salanlarda deyil, əsəbini içinə atanlarda risk daha çox olur".

Professor avtomobilində təkbaşına səyahət edənlərə də məsləhət verib. Bildirib ki, sinədə ağrı hiss edən kimi avtomobili kənara çəkmək və təcili tibbi yardım çağırmaq lazımdır. O, bu müddət ərzində hərəkətsiz vəziyyətdə gözləməyi məsləhət bilib.

AzNews.az