Qətlə yetirilmiş şəhər

1992-ci il fevralın 26-da tək günahı doğulduqları torpaqda yaşamaq və Azərbaycan türkü olmaq olan Xocalı sakinləri bəşər tarixinə düşəsi dəhşətli bir soyqırımı yaşadılar.

O gecə baş verənlər təkcə xocalılara deyil, bəşəriyyətə qarşı işlənmiş vəhşət idi. Dünyanın gözü qarşısında Xocalı şəhəri bir gecənin içində yerlə-yeksan edildi, xəritədən silindi.

O gün bir çox ailə tamamilə məhv edildi – qocası da, cavanı da, qundaqdakı körpəsi də…

Cəsədləri çöllərdə qaldı, insanlar gördükləri dəhşətdən nəyin baş verdiyini belə anlaya bilmirdilər. Hər kəs qaçıb canını qurtarmaq istəyirdi. Amma hara qaçaydılar, hər tərəf düşmən, özü də toplu-tüfəngli, onlar isə əliyalın.

Çəliyə söykəli qocalar yıxıldıqları yerdə qaldılar, onlarla ahıl insan meşədə donub öldü, onlarla gənc tankın tırtılları altında çeynənərək torpağa qarışdı. Cəlladların ürəyi isə soyumadı, öldürdüklərinin başlarını kəsdilər, gözlərini oydular. Bəşər tarixində görünməmiş hadisə baş verdi – Azərbaycanın dilbər guşəsi Qarabağın növcavan şəhəri Xocalı xüsusi qəddarlıqla qətlə yetirildi.

Bizi o müdhiş tarixdən 21 il ayırır. O vəhşət saçan gecədən sonra Xocalı adı, sadəcə, yaddaşlarda, bir də oradan salamat çıxmış insanların pasportlarında qalıb. Ona görədir ki, Xocalı sözü köz kimi dodaq yandırır.

Televiziyada Xocalı ilə bağlı bir filmə baxdım. Düşməndən kiçik bir dalana sığınan ana ağlayan körpəsinin səsi eşidilməsin deyə, onu o qədər güclü şəkildə bağrına sıxır ki, uşaq boğulur. Amma övladının hərəkətsiz bədənini görən ana dəhşətə gəlsə də, onu atıb qaçmır, fikirləşir ki, heç olmasa meyiti özü ilə aparsın. Bir az gedəndən sonra isə məlum olur ki, körpənin nəfəsi kəsilsə də, canı çıxmayıbmış.

Bu gün həmin ana da, o vaxt 6 aylıq körpə olan o qız da Bakı şəhərində yaşayır. Ana şükür edirdi ki, övlad qatili olmayıb...

O gecənin ağrısı bizim fikirləşdiyimizdən və fikirləşə bildiyimizdən daha ağır, dərdi bizim təsəvvür etdiyimizdən və təsəvvür edə bildiyimizdən daha böyükdür. Bəzilərinə isə hətta elə gəlir ki, biz yazarlar eyni mövzunu tez-tez qələmə alırıq. Bəlkə də ilk baxışdan belə görünə bilər, amma Xocalı dərdi elə dərddir ki, ondan həmişə yazmaq lazımdır, unudulmasın deyə.

Çünki tarix unudulanda təkrarlana bilir. Hələ bu qədər yazılmasına baxmayaraq, erməni
vəhşiliyini, qaniçənliyini dünyaya qəbul etdirə bilməmişik. Bu gün bütün güclər səfərbər olunub birləşdirilməli, erməni terroruna qarşı mübarizə bir an da olsun, səngiməməlidir.

Xocalı soyqırımı erməni xislətinin, canavarlığının əsl sübutudur və biz bu gerçəkliyi sübut etməliyik...

fmsaatci@gmail.com
---
Lent.az