Prokuror qubalı məhbuslara cəza istədi

Fevralın 25-i Xaçmaz Rayon Məhkəməsində Quba hadisələrinin təşkilində ittiham olunan 6 nəfərin işi üzrə proses davam edib.

"Turan"ın məlumatına görə, prokuror Əhəd İbrahimov Quba bələdiyyəsinin sədri Elxan Əliyevə 6 il, "Xəyal" TV-nin icraçı direktoru Vüqar Qonaqova 4 il 6 ay, baş redaktoru Zaur Quliyevə 4 il 6 ay, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 5 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 3 il, Muxtar Ələkbərova 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Vəkillərin çıxışı martın 12-nə təyin olunub.

Ötən il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

AzNews.az