Əli Həsənovun nəvəsi ilə bağlı qərar - İstintaq yenilənir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilib.

AzNews.az xəbər verir ki, işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Məhkəmə prosesində ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak edir.

Modern.az-ın məlumatına görə, Nail Allahverdiyevin vəkili məhkəməyə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişlə bağlı yeni sənədlər təqdim edib. Vəkil bildirib ki, qəzada xəsarət alan Türkiyə vətəndaşları məktubda Nail Allahverdiyevdən şikayətçi olmadıqlarını və təzminat hüqüqundan imtina etdiklərini qeyd ediblər.

Hakim isə vəkilin müraciətini nəzərə alaraq, məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edib.

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi «Mercedes-Gelandewagen» yolu keçən piyadalar Vaqif Əsədovu və Tekiş cütlüyünü vurub, ardınca «VAZ-21015» markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən «Mercedes-Gelandewagen» yanmağa başlayıb. Qəza nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı M.Əliyev dünyasını dəyişib. N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.