Bu gündən etibarən Bakının yol polisi "toy karvanları" ilə əlaqədar reydlərə başlayır Bu gündən etibarən Bakının yol polisi "toy karvanları" ilə əlaqədar reydlərə başlayır

“Toy karvanları” ilə bağlı reydlər başlayır

Bu gündən etibarən Bakının yol polisi "toy karvanları" ilə əlaqədar reydlərə başlayır




Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, pik saatlarında "toy karvanları"nın müəyyən istiqamətlər üzrə hərəkəti zamanı karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkət qaydalarını kobud şəkildə pozması süni sıxlığın,tıxacların yaranmasına səbəb olur. Toy mövsümü zamanı bütün hərəkət istiqamətində yolun hərəkət zolaqları tutulur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yol ayrıclarını keçmə qaydaları pozulur, yol boyu səs siqnallarından istifadə edilir, lüzumsuz olaraq asta sürətlə hərəkət edilir. Bu və ya digər nöqsanlar pik saatlarında tıxacların yaranmasına, o cümlədən paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması istiqamətində tədbirlər görməyə və toy mövsümü ilə əlaqədar bu gündən etibarən xüsusi reydlərə başlayır.
Bununla əlaqədar yol polisi əməkdaşları tərəfindən toy karvanının necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti eyni zamanda yollardakı videokameralar vasitəsilə izləniləcək.
"Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərinin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edir ki, hərəkət zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Əks halda, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunverciliyin tələblərinə uyğun olaraq dərhal müvafiq cəza tədbirləri görüləcək", bölmə rəisi qeyd edib.

AzNews.az