Sürücülər 12 ilədək həbs oluna bilər

Azərbaycanda sağlamlığa ağır xəsarət yetirən və ölümə səbəb olan sürücülərin cinayətə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə ayrıca maddə əlavə olunacaq



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, layihənin müəllifi Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinə əlavə olunacaq 221-1 maddəsinə əsasən, avtomobillərin idarə olunması zamanı şəxsin sağlamlığına ağır zərbə vurularsa və ya ölümü ilə nəticələnərsə, avtomobili idarə edən şəxs ağır cinayət məsuliyyətinə cəlb olunacaq.

Layihəyə əsasən, avtomobili idarə edən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulduqda onu 3 ildən 5 ilədək həbs, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 5 ildən 10 ilədək, eyni əməllər iki və daha artıq zərərçəkmiş şəxslərin ölümünə səbəb olduqda isə 7 ildən 12 ilədək həbs gözləyəcək.

Eyni zamanda cinayət törətmiş şəxs cinayətin motivindən asılı olaraq bütün hallarda uzun müddətə avtomobili idarəetmə hüququndan da məhrum ediləcək.

Layihənin komitənin növbəti iclasında müzakirəyə çıxarılması və bu sessiyada Mili Məclisin plenar iclasında qəbul olunması gözlənilir.

Xatırladaq ki, hazırda heç bir hadisə törətmədən yalnız avtoxuliqanlıqla məşğul olma İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə - Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən, avtomobilin idarə olunması zamanı zərərçəkmiş şəxsin xəsarət alması və ya ölümü ilə nəticələnən hadisələr "ehtiyatsızlıq" kimi qiymətləndirilir ki, bu hal zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 6 ilədək həbs nəzərdə tutulur.

R. Hüseynov bildirib ki, yeni layihə qüvvəyə mindiyi təqdirdə cinayət törədən avtoxuliqanların əməlləri ehtiyatsızlıq üzündən cinayət törədənlərdən fərqləndirilərək, ciddi cəza tətbiq olunacaq.

AzNews.az