İlin birinci rübündə 22 hərbçi itirmişik- Hesabat

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin birinci rübündə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 22 nəfər təşkil edib. Ötən müddətdə 20 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 4-ü döyüş (4 nəfər erməni gülləsi), 18-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 2 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 3 nəfər intihar edib. Dünyasını dəyişənlərin 18-si Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Xüsusi Dövlət Baş Mühafizə İdarəsinin (XDBMI), 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (20 nəfər) onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) , 3-ü mülki şəxslərlə davadan, 4-ü erməni gülləsindən, 1 nəfər mina partlayışından, 2-si bədbəxt hadisədən (liftin şaxtasına yıxılma), 6-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 17 nəfər Müdafiə Nazirliyinin 3 isə nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

AzNews.az