“Gərginliyin sabit olmamasının səbəbini enerji tənzimləyən qurumlardan soruşun” “Gərginliyin sabit olmamasının səbəbini enerji tənzimləyən qurumlardan soruşun”

Metropoliten “Bakıelektrikşəbəkə”ni ittiham etdi

“Gərginliyin sabit olmamasının səbəbini enerji tənzimləyən qurumlardan soruşun”



Bu gün metronun "Azadlıq" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarlarda növbəti dəfə problem yaranıb. "İnşaatçılar" stansiyasında qatarın axırıncı vaqonu tüstülənib. Bu barədə təcili olaraq metropoliten əməkdaşları məlumatlandırılıblar. Dərhal qatarlardakı sərnişinlər evakuasiya olunub. Eyni vaxtda stansiyaya giriş bağlanıb. Qatar depoya göndərilib.

Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Aznews.az-a açıqlamasında problemə səbəb qatarın əyləc sistemində yaranmış nasazlıq olduğunu deyib: "Qatarın əyləc sisteminin kompressor dolağında problem çıxıb. Nəticədə də iy gəlib. Qatar depoya göndərilib və qısa müddət içində hərəkət bərpa olunub".

Ümumiyyətlə, son vaxtlar Bakı Metropolitenində fasilələr yaranması, gərginlik yaşanması və bu kimi başqa xəbərlərlə açmağa vərdiş etmişik. Məsələn, ötən ay əvvəlcə "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində qatarların hərəkəti 15 dəqiqəlik bir müddətdə pozuldu. Ondan bir az əvvəl, aprelin 29-da "Elmlər Akademiyası" stansiyasında işıqlar söndü.

Martın 29-da səhər saat 10:00 radələrində metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində hərəkət edən qatar yarım saatdan çox tuneldə qaldı. Həmin hadisə də qatarda yaranmış texniki nasazlıqla izah olundu.

Bu il fevralın 20-də "28 may" stansiyasında qatar xarab oldu, yanvarın 22-də "İçərişəhər"də eskalator dayandı.Ondan daha əvvəl, ötən ilin avqustunda "Koroğlu" stansiyasında qatarların qapısı açılmadı...

Bir sözlə, Metropolitenin bitməyən problemləri sərnişinlərə gərginlik yaşatmaqdadır. Metroda gediş haqqının qaldırılmasından sonra xüsusilə sıxlaşan problemlər nə ilə əlaqədardır?

Metropolitenin baş mühəndisi Fuad Tağızadə AzNews.az-a açıqlamasında gərginlyin sabit olmaması ilə izah edib: "Gərginlik sabit işləmir. 266 vaqonumuz var. Bunun ehtiyat vaqonu, rezervini də nəzərə alanda rəqəm bir az da böyüyür. Vaqonların hamısı işləkdir. Ancaq gərginlik onların işinə pis təsir edir. Əslində dözürlər. Lakin vaqonlar da bir texnikadır və onların müəyyən dözüm qabiliyyəti var. Bir neçə dəfədən sonra bu günkü kimi hansısa sistemi sıradan çıxır və qatar tüstüləməyə başlayır".

F.Tağızadə xüsusən, səhər saatlarında gərginliyin düşdüyünü, bunun da elektriklə işləyən qatarların işinə təsirsiz ötüşmədiyini vurğulayıb: "Məncə, siz, gərginliyin sabit olmamasının səbəbini enerji tənzimləyən qurumlardan soruşun".

Ruhiyyə
Aznews.az