Yeni nazirdən bir gündə 5 təyinat

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 5 nəfərin Təhsil Nazirliyində vəzifəyə təyin edildiyi bildirilir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri postuna yeni şəxs
təyin olunacaq. Məlumatlı mənbənin bildirdiyinə görə, həmin şəxs Ceyhun adlı mətbuat nümayəndəsidir.

Bundan başqa hazırkı təhsil nazirinin öz əvvəlki iş yerindən - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 3 nəfəri Təhsil Nazirliyində yeni vəzifəyə təyin etdiyi barədə məlumat əldə etmişik. Nazir Mikayıl Cabbarovun İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən daha iki nəfəri yeni iş yerinə gətirəcəyi gözlənilir.

Bu məlumatları Təhsil Nazirliyi ilə şifahi şəkildə dəqiqləşdirmək mümkün olmayıb. Belə ki, nazirliyin saytında KİV-ə müraciət yayılıb və orada nazirliyin KİV-lə daha səmərəli münasibətlər qurulması üçün yeni siyasət formalaşdırdığı bildirilir: "Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.

Eyni zamanda bildirilib ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.

Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin press@edu.gov.az elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər".

Qeyd edək ki, suallar müraciətdə qeyd olunan ünvana göndərilib. Cavab verildikdə bu barədə oxucular məlumatlandırılacaq.

Qeyd edək ki, ötən həftə bir çox saytlar da yeni təhsil naziri Mikayıl Cabbarovun nazirliyin aparatında kadr islahatlarına başladığını və bir sıra şəxsləri işdən azad etdiyini yazmışdı. Onlar arasında nazirliyin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin də adı çəkilib. Mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azərinin təyin olunduğu bildirilib.

Rahib Azəri bu təklifi qəbul etməyib və Ceyhun adlı jurnalistin nazirliyə ictimaiyyətlə əlaqələr şöbəsinə gətirilməsini tövsiyə edib. Məlumatı verən mənbə bu şəxsin mərhum jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov olduğunu ehtimal edib. Məlumat üçün bildirək ki, Ceyhun Əsgərov bu ilin fevralında "ATV İnternational"ın baş redaktoru vəzifəsinə təyin olunub. "ATV İnternational" bir neçə aydır ki, SOCAR-ın tabeliyinə verilib.

Məsələ ilə əlaqədar Rahib Azəri ilə əlaqə saxlanılıb. Məlumatın doğru olmadığını bildirən mətbuat katibi israrla xəbərin hansı mənbədən daxil olduğunu öyrənmək istəyib: "Mən heç yerə getməmişəm və öz vəzifəmdəyəm. Yaxşı olardı ki, bu dezinformasiyaları mətbuata kim yayır, onun mənbəyini bizə bildirəsiniz".

Ceyhun Əsgərov isə bildirib ki, ona bu barədə heç bir təklif edilməyib: "Bu barədə heç bir məlumat almamışam".

Onu da qeyd edək ki, daha bir məlumata əsasən, yaxın günlərdə nazirliyin daha bir səlahiyyətlisi - Dərslik və Nəşriyyat şöbəsinin rəisi Faiq Şahbazlı da vəzifəsi ilə vidalaşacaq. Hətta şöbədə geniş təftişin olacağı gözlənilir.

Məsələ ilə əlaqədar Faiq Şahbazlı ilə də əlaqə saxlamaq mümkün olmayıb. //teleqraf.com//

AzNews.az